“Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır”


Qız uşaqları ana bətnində məhv edilir…

 

Son illər beynəlxalq ictimaiyyət tərəfindən qadınların insan hüquqları diskursuna daha çox diqqət yetirilməsinə baxmayaraq, onlar kişilərin hegemonluq etdiyi dünyanın əksər hissələrində əhalinin ən zəif müdafiə olunmuş qrupları arasında qalaraq, bir sıra çətinliklərlə üzləşməkdədir. Geniş yayılan gender əsaslı ayrı-seçkilik fenomeni məktəb və iş yerlərində qısnama, fiziki zorakılıq və hətta qətl kimi müxtəlif formalarda təzahür edir. Təəssüf ki, hazırda daha mürəkkəb formalar alaraq, hətta hələ doğulmayan qız uşaqlarını da hədəfə alır. Bu cür hallar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Aparılmış ən son araşdırmalar zamanı məlum olub ki, cins nisbətinin pozulması gələcəkdə əhalinin ümumi strukturu və dinamikasında xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çində kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnib və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, qızqaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir. Tədqiqatlar göstərir ki, hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə 182 milyondur. Hamiləliyin süni şəkildə pozulmasının müxtəlif səbəbləri qeyd olunur. Bəzi qadınlar ailə planlaşdırmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi iqtisadi və ya sosial səbəbləri göstərirlər. Bu siyahıya uşağın cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar.

Qeyd edək ki, dünyaya gələn uşaqların cinsinə görə nisbəti anadan olan 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayı kimi müəyyən olunur. Bioloji prosesin nəticəsi olaraq bu göstərici heç bir xarici müdaxilə olmadığı təqdirdə

103-lə 106 arasında dəyişir. Doğulan uşaqların cinsə görə nisbəti müəyyən bir ölkədə oğlan və ya qız uşağının üstün tutulması dərəcəsinin mühüm göstəricisi ola bilər. Dünyaya gələn hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı 106-dan çox olarsa, yeni doğulan uşaqların cinsinə görə bu cür nisbət oğlan uşaqlarına üstünlük verildiyini göstərir. Əksinə, 103-dən az olarsa, bu nisbət qız uşaqlarına üstünlük verildiyinə dəlalət edir. 1980-ci illərdən başlayaraq demoqraflar Çin, Cənubi Koreya və Hindistan da daxil olmaqla, bir neçə Asiya ölkələrində dünyaya gələn uşaqların cinsinə görə nisbətinin yüksək olduğunu göstərib. Təəssüf ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ailədə əsasən kişinin, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxarır. Ölkəmizdə dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti 1980-ci illərə qədər əsas etibarilə gözlənilən bioloji səviyyədə idi. Əsasən reproduktiv sağlamlıq texnologiyalarının inkişafı və istifadəsinə başlanması nəticəsində 1990-cı ildə bu nisbət 107-yə, 2000-ci ildə 110-a, daha sonra 2010-cu ildə 117-yə qalxıb. Azərbaycanın, mövcud tədqiqatlar əhalinin siyahıyaalınması, qeydiyyat sistemi və demoqrafik sorğulara əsaslanır və diqqəti əsasən problemin özünə cəmləşdirərək, məsələnin kökündə dayanan səbəbləri araşdırır. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Hökumət nümayəndələri problemin aradan qaldırılması istiqamətində bir sıra addımlar atır. Prezident İlham Əliyevin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”ı da məhz hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görülməasinə yönəldilib.

 

Azərbaycanda cins nisbətinin pozulması təhlükəli hal almağa başlayıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov  bildirib ki, Azərbaycanda cins nisbətinin pozulması təhlükəli hal almağa başlayıb:

 

“Getdikcə oğlanların sayı artır, qızların sayı isə əksinə, azalır. Tarix boyu Azərbaycanda qadınlar kişilərlə müqayisədə üstünlük təşkil edib. Amma hazırda oğlan uşaqlarının sayı durmadan artır. Bu, ümumilikdə bütün respublika, xüsusilə kəndlər, Aran, Gəncə-Qazax bölgəsi üçün daha da xarakterikdir. Artıq bəzi kəndlərdə oğlanların sayı qızları üstələyib, evlənməyə qız tapmırlar. Hələ nəzərə alsaq ki, rayonlardan, kənd yerlərindən xaricə iş dalınca gedənlər, miqrasiya edənlər üstünlük təşkil edir. Yəni qadınlar yerlərdə qala-qala tərkib dəyişir. Bu, gələcəkdə milli etnik tərkibin tədricən dəyişməsinə səbəb olacaq. Təsəvvür edin artan oğlan uşaqları evlənmək üçün qız tapmayacaqlar. O zaman məcbur olub qeyri-millətdən olan xanımlarla evlənəcəklər. Bu da demoqrafik tərkibin tədricən dəyişməsinə gətirib çıxaracaq. Oğlanlarımız Azərbaycan xalqına yad olan xanımlarla evlənəcəklər ki, bu da azərbaycanlıların milli etnik tərkibdə azalmasına səbəb olacaq”.

 

“Doğulan hər qıza görə müavinətlər artırılsın”

 

N.Əyyubov vəziyyəti stabilləşdirmək üçün təkliflər irəli sürüb:

“İlk növbədə təbliğat işləri aparılmalıdır. Məktəbəqədər hazırlıqdan tutmuş orta və ali məktəbə qədər təbliğat aparmaq lazımdır. Çünki ali məktəb tələbələri sabahkı valideynlərdir. Onlara oğlanın da, qızın da övlad olduğunu izah etmək lazımdır ki, cins arasında ayrı-seçkilik qoymasınlar. Digər tərəfdən, dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Ailədə hər ikinci, üçüncü qız övladı doğulanda onlar üçün müavinətlər hiss olunacaq dərəcədə artırılmalıdır. Stimullaşdırıcı tədbirlər cins nisbəti balanslaşanadək davam etdirilə bilər. Çünki bu, 1-2 ilə düzələn məsələ deyil. Bunun üçün 5 il, 10 il lazımdır ki, vəziyyət tədricən düzəlsin. Çindi anoloji hal yaşanda elan olundu ki, 1 ailədə yalnız 1 uşaq olmalıdır. Onlarda da əksərən oğlan uşaqları doğulmağa başladı. Bir də gördülər ki, ölkədə 200 milyon oğlana evlənmək üçün qız çatışmır. Həmin qərarı ləğv edib, ailədə 2 uşağın doğulmasına icazə verdilər. Amma Hindistan əvvəldən 1ailə+2 uşaq prinsipini tətbiq edir”.

 

“Oğlan nəslin davamçısıdır” fikirlərini dəyişməliyik…

 

AMEA rəsmisinin sözlərinə görə, tendensiyanın səbəblərindən biri də sosial vəziyyətlə bağlıdır:

“Əksəriyyət oğlan uşağına ailənin köməkçisi, qazanc mənbəyi kimi baxır. Deyirlər, “oğlan nəslin, soyadın davamçısıdır”. Qız üçün deyirlər, “qız yükü, duz yükü”. Məhz bu fikirləri dəyişməliyik. Əks təqdirdə yaxın gələcəkdə demoqrafik vəziyyət heç də ürəkaçan olmayacaq. Baxın, bu gün dağılan ailələrin sayı durmadan artır. Əksər gənclərimiz ailə qurarkən tələskənlik edir, ani qərarla nikaha daxil olurlar, 3 ay sonra da boşanırlar. Boşanmların səbəbləri çoxdur. Əsasən cütlüklər ailə qurmağa hazır olmurlar. Hər iki tərəfin valideynləri gənclərə dəstək olmaq əvəzinə, bir-birilə mənasız şeylər, adətlər üstündə didişirlər. Böyüklər barışdırıcı mövqedən çıxış etməlidirlər ki, gənclər ayaqları üstündə dura bilsinlər. Yoxsa ki, qayınanalar “sən niyə elə dedin”, “sən niyə onu almadın”, “sən niyə filan bayramda xonçaları az gətirdin” və s. yersiz söhbətlərlə münasibətləri korlayırlar. Ailə qurmaq asan məsələ deyil, buna hazırlıqlı olmaq lazımdır. Ailə quranda kiminlə ailə qurduğunu, onunla dolanıb-doa bilib-bilməyəcəyini nəzərə almaq lazımdır. Ailə kor-koranə münasibəltəirn rəsmiləşdirilməsi deyil. Bu məsələləri tənzimləmək üçün qnaunvericilikdə dəyişiklik edilməlidir. Milli Məclisdə cins balansının tənzimlənməsilə bağlı müzakirələr aparılsa da, hələ ki, konkret addım atılmayıb”.

 

Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov  bildirib ki, hazırda Azərbaycandakı ailələrin sayı 2 milyon 100 minə yaxındır:

 

“2019-cu il yanvarın 1-nə Azərbaycanda doğulan uşaqların sayı 138 982 olub. Ötən il ərzində qeydə alınan nikahların sayı 62 482 nikah, boşanmaların sayı isə 14 870 civarındadır. Ümumiyyətlə, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi üçün “Ailə strategiyası”nın qəbul edilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, 1994-cü ildə BMT-nin Baş Assambleyasının qərarı ilə mayın 15-nin Beynəlxalq Ailə günü kimi qeyd edilməsi üçün qətnamə qəbul edilib. Həmin qərara əsasən, tövsiyə edilir ki, hər ölkədə milli fəaliyyət planı, yaxud strategiya qəbul edilsin. Hazırda Azərbaycanda “Ailə strategiyası” layihəsi hazırdır. Biz gözləyirik ki, strategiya bu il ərzində qəbul edilsin və mütəmadi

olaraq mətbuatda, sosial şəbəkələrdə qaldırılan məişət zorakılığı, erkən nikahlar, boşanmalar, yeni texnologiyaların yaratdığı problemlər aradan götürülsün.

Strategiya sadalanan problemlərin aradan qaldırılmasına yönəldiləcək. Bütün dövlət qurumlarının və Qeyri-Hökumət Təşkilatlarının, beynəlxalq təşkilatların bu strategiyanın tətbiqində birləşməsi nəzərdə tutulur”.

 

Abortlar cinslər arasında balansı pozur

 

E.Səfərov deyib ki, Azərbaycanda qız və oğlan nisbətinin pozulması böyük təhlükədir:

“Bildiyiniz kimi, bu il aprelin 9-da 10 milyonuncu vətəndaşımız doğulub. Bu gün əsas məqsəd əhalinin, insan kapitalının artım tempinin saxlanılmsıdır.

Təəssüf ki, hazırda ən böyük problem abortlardır ki, bunun nəticəsində oğlan və qız sayının nisbəti dəyişib. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda süni abortların dəqiq statistikası aparılmır. Biz tərəfdarıyıq ki, abortların statistikası aparılsın və qeydiyyata alınsın. Cinayət Məcəlləsinin xüsusi maddələrinə istinad edilsin və hüquq mühafizə orqanları tərəfindən tətbiq edilsin. Ümumiyyətlə, hazırda Azərbaycan Çindən sonra qız və oğlan nisbətinin pozulmasına görə ikinci ölkədir. Azərbaycanda 115 oğlana nisbətdə 100 qız doğulur. Normal qaydada 100 qıza nisbətdə 105-107 oğlan olmalıdır. Balansın pozulması ailənin strukturuna, ailənin inkişafına təsir göstərir”.

 

Azərbaycanda boşanma səbəbləri...

 

Komitə rəsmisinin sözlərinə görə, mövcud olan ailə sütunun gücləndirilməsi, ailə institutu mexnaizmlərinin təkmilləşdirilməsinə ciddi ehtiyac var:

“Ümumiyyətlə, ailələrin sayının artması ölkənin həm iqtisadi, həm sosial inkişafına təsir göstərir. Bütün bunlar “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi parlamentin gündəmindədir. Biz çox istəyirik ki, qanun bu il, növbəti ilin əvvəllərində qəbul edilsin və bu sahədə təkmilləşdirilməyə təkan versin. Həmçinin, qeyd etdiyimiz boşluqları aradan

qaldırsın. Qanun yalnız selektiv abortları deyil, ümumiyyətlə vətəndaşların sağlamlığı ilə bağlı hüquqlarının qorunması, maarifləndirmə kampaniyalarının keçirilməsini əhatə edəcək. Yeri gəlmişkən, son 3 il ərzində ölkəmizdə boşanmaların sayı dəyişməz olaraq qalır. Boşanmalar il ərzində 14 870 civarındadır, əmsal 1.5-dir. Əsas məqam ondan ibarətdir ki, boşanmaya gətirib çıxaran səbəblər aradan qaldırılsın. Boşanmanın özü ilə yox, boşanmanı yaradan səbəblərlə mübarizə aparmalıyıq. Bu gün ailələrin daha çox dağılmasına səbəb olan amillər məişət zorakılığı, sonsuzluq, akoqol içkilər, narkotik vasitələrin istifadəsi və s.dir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunduqdan sonra onlarla mübarizə aparmaq daha asan olacaq”. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top