Azərbaycan Xalq Cəbhəsinin qurucuları indi nə işlə məşğuldular? - TAM SİYAHI


Ötən əsrin 80-ci illərinin sonunda vüsət alan milli azadlıq hərəkatının önündə gedən Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasından 30 il ötür.

Yeniavaz.com xəbər verir ki, AXC 1989-cu il iyul ayının 16-da Bakıda gizli şəkildə toplanan bir qrup şəxs tərəfindən təsis olunub.

AXC-nin 15 nəfərdən ibarət İdarə Heyəti seçilib. Uzun illər Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqeyə sahib olan bu şəxslərin artıq 3-ü həyatda yoxdur:

- AXC İdarə Heyətinin üzvü və sədri olmuş Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə vəfat edib.

- Nəcəf Nəcəfov 17 dekabr 199-cu ildə vəfat edib.

- Yusif Səmədoğlu 17 avqust 1998-ci ildə vəfat edib.

AXC-nin İdarə Heyətinin ilk üzvləri olmuş digər şəxslər isə bunlar olub:

-  İsa Qəmbər 1992-93-cü illərə Azərbaycan prezidentinin səlahiyyətlərinin icraçısı və Ali Sovetinin sədri olub. Uzun illər Müsavat partiyasına rəhbərlik edən İsa Qəmbər hazırda Milli Strateji Düşüncı Mərkəzinin sədridir.

- Etibar Məmmədov 1992-2005-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri olub. Etibar Məmmədov hazırda aktiv siyasətlə məşğul olmur.  Mətbuatda yer alan məlumatlara görə hazırda biznes fəaliyyətilə məşğuldur.

- Hikmət Hacızadə Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyadakı səfiri olub. Hazırda Hikmət Hacızadənin nə işlə məşğul olduğu barədə rəsmi məlumat yoxdur. Lakin, politoloq kimi mətbuata mütəmadi olaraq açıqlamalar verir.

- Leyla Yunus 1992-93-cü illərdə Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib. Daha sonra Sülh və Demokratiya İnstitunun rəhbəri olub. 2014-cü ildə həbs olunub. 2016-cı ildə həyat yoldaşı Arif Yunus ilə birgə Azərbaycanı tərk edərək Avropaya gediblər.

- Pənah Hüseyn Xalq Cəbhəsinin hakimiyyəti dövründə Dövlət katibi və Baş nazir olub. Daha sonra Azərbaycan Xalq Partiyasının sədri olub. Hazırda partiyanın sıravi üzvü kimi siyasi fəaliyyətlə məşğuldur.

- Tofiq Qasımov 1992-93-cü illərdə Azərbaycanın Xarici işlər naziri olub. Hazırda İsveçrədə yaşayır.

- Zərdüşt Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri olub. Hazırda Zərdüş Əlizadənin nə işlə məşğul olduğu barədə rəsmi məlumat yoxdur. Lakin, mətbuata mütəmadi olaraq açıqlamalar verir.

- Sabit Bağırov 1992-93-cü illərdə Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib. Hazırda QHT rəhbəri kimi fəaliyyət göstərir.

- Sülhəddin Əkbər 1992-93-cü illərdə Dövlət Təhlükəsizliyi nazirinin müavini olub. Daha sonra Müsavat Partiyası sədrinin müavini olub. 2012-ci ildən Açıq Cəmiyyət Partiyasının sədridir. Hazırda aktiv siyasətlə məşğuldur.

- Canbaxış Umudov AXC-nin qurucularından olan bu şəxsin müstəqillik dövründəki fəaliyyətilə bağlı heç bir məlumat yoxdur. Hazırda Azərbaycanda yaşamadığı bildirilir.

- Nemət Pənahlı 1988-ci il "Meydan hərəkatı"nın aparıcılarından biri olub. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədridir. Hazırda aktiv siyasətlə məşğuldur.

- Rəhim Qazıyev 1992-93-cü illərdə Azərbaycanın Müdafiə naziri olub. Hazırda Azərbaycan Xalq Hərəkatı adlı qurumda təmsil olunur və aktiv siyasətlə məşğuldur.

- Əlikrəm Hümbətov 1992–93-cü illərdə Azərbaycanın Müdafiə nazirinin müavini olub. 1993-cü ildə özünü qondarma Talış-Muğan Respublikasının rəhbəri elan edib. Həbs olunub və  2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb. Hazırda Hollandiyada yaşayır və tez-tez Ermənistana səfər edərək Azərbaycan əleyhinə bəyanatlar verir.
 

DİGƏR XƏBƏRLƏR

Top