"Allahverdi Bağırov mənim dostumdur" deyən erməni general tutduğu vəzifədən uzaqlaşdırıldı - VİDEO


İşğal altında olan Dağlıq Qrabağdakı seperatçı rejimin rəhbəri Bako Saakyan qondarma rejimin "Təhlükəsizlik Şurası"na rəhbərlik edir Vitali Balasanyanı tutduğu vəzifədən azad edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Bako Saakyan qondarma rejimin keçmiş müdafiə naziri və hazırda "Fovqəladə Hallar İdarəsinə" rəhbərlik edən Levon Mnatsakanyanı isə "polis" rəisi təyin edib.
Qeyd edək ki, Bako Saakyanın "vəzifədən" azad etdiyi Vitali Balasanyan keçmiş döyüşçüdür və işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. 1990-cı illərin əvvəlində  Əsgəran rayonunda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri olub. Seperatçı rejimin müdafiə naziri olub. 2016-cı ildə baş verən  "Aprel döyüşləri"ndə yaxından iştirak edib. Bundan əvvəlki seçkilərdə indiki "prezident" Bako Saakyanın rəqibi olub və 32,5% səs toplayıb.
Son zamanlar Vitali Balasanyanın adı iki böyük qalmaqlada hallanıb. Bunlardan biri odur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri və seperatçı rejimin ilk "müdafiə naziri" Samvel Babayan terrorçu Monte Mekonyanın Vitali Balasanyan tərəfindən öldürüldüyünü söyləyib.
İkinci qalmaqal isə Paşinyanın sonuncu Şuşa səfəri zamanı yaşanıb. Jurnalistlər Vitali Balasanyandan son günlər cəbhədə baş verən atışmalar barədə soruşublar. Balasanyan isə Prezident İlham Əliyevlə Paşinyanın görüşünə işarə edərək "gedin onu "lift danışıqlarının" aparıcısı Paşinyandan soruşun", - deyib.
Məlumat üçün onu da bildirək ki, bir neçə il əvvəl Ermənistan mətbuatına verdiyi açıqlamada Vitali Balasanyan bildirmişdir ki, o Azərbaycanın Milli Qəhərəmanı Allahverdi Bağırovla dost olub. Vitali Balasanyan iddia edib ki, mərhum Milli Qəhərəmanımızın işğal altında olan Ağdam rayonu ərazisindəki məzarını da dağıdılmaqdan o qoruyur.
Vitali Balasanyan müharibə zamanı Allahverdi Bağırovla tez-tez əlaqə saxladığını da bildirib. Xüsusən əsirlərin dəyişdirilməsində şəxsi münasibətlərin onlara çox kömək etdiyini qeyd edib.
Aşağıdakı videoda Vitali Balasanyanla Allahverdi Bağırovun görüşdüyü anlar da yer alıb:

 

DİGƏR XƏBƏRLƏR

Top