AİHM Moldovadan deportasiya edilən müəllimlərin hüquqlarının pozulduğuna dair qərar verib


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Moldovada saxlanılan və daha sonra Türkiyəyə göndərilən müəllimlərin hüquqlarının pozulması haqqında qərar qəbul edib.
Yeniavaz.com "Euronews"ə istinadla xəbər verir ki, sözügedən müəllimlər Moldovada "Orizont" Türk Liseylərində çalışıblar və Türkiyənin tələbi ilə saxlanılaraq, bu ölkəyə deportasiya ediliblər, orada isə həbs olunublar.
AİHM-nin verdiyi qərara əsasən, müəllimlər Moldovaya siyasi sığınacaq üçün müraciət edərkən Türkiyəyə getdikdə həbs olunacaqlarını bildirsələr də, deportasiya edilərkən məhz Türkiyəyə təhvil verilmələri və bu barədə qabaqcadan xəbərdar edilməmələri insan haqlarının pozulması kimi qiymətləndirilir.
Qərarda həmçinin Moldovanın miqrasiya orqanlarının sığınacaqla bağlı müraciət haqqında verdiyi qərarı sözügedən müəllimlərə deyil də, deportasiya edildikdən sonra ailələrinə bildirməsinin də yanlış olduğu qeyd olunub.
Müraciət edənlərin deportasiya edilmə prosesinin də əvvəlcədən hazırlanmış plan olduğu qərarda öz əksini tapıb. Müəllimlərin Moldova və Türkiyə təhlükəsizlik orqanları tərəfindən xüsusi bir təyyarə ilə heç bir hüquqi əsas olmadan deportasiya edilmələri də qanun pozuntusu kimi qiymətləndirilib.
AİHM sözügedən şəxslərin Moldovada cəmiyyətə inteqrasiya etmiş və ailəli olduqlarını qeyd edərək, deportasiya edilmələrinin onların şəxsi həyatlarına radikal şəkildə müdaxilə olduğu qənaətinə gəlib. Qurum həmçinin bu hüquqa zidd deportasiya ilə Avropa İnsan Haqları Müqaviləsinin ailə və şəxsi həyata hörmət tələbinin pozulduğuna diqqət çəkib.
AİHM-nin qərarına əsasən Moldova hökuməti məsələ ilə bağlı AİHM-ə müraciət edən hər bir şəxsə 25 min avro maddi təzminat ödəməlidir.
Qeyd edək ki, 15 iyul 2016-cı ildə Türkiyədə baş verən uğursuz çevriliş cəhdindən sonra Türkiyənin Moldovadakı səfiri, ölkədə fəaliyyət göstərən "Orizont" Türk Liseylərindəki müəllimləri həmin çevrilişdə iştirakda günahlandırmışdı.
Ardınca iki ölkənin təhlükəsizlik orqanları birgə əməliyyatla Yasin Özdil, Müjdat Çelebi, Rıza Doğan, Sedat Hasan Karacaoğlu və Mehmet Feridun Tüfekçi də daxil olmaqla 7 türk vətəndaşını saxlamış və 2018-ci ilin mart ayında milli təhlükəsizliyi pozma ittihamı ilə Türkiyəyə deportasiya etmişdi.
Həmin şəxslər isə Moldovada əsassız şəkildə siyasi baxışlarına görə saxlanıldıqlarını, həmin an bu qərara etiraz edə bilmədiklərini və bu haqda ailələrinə məlumat verilmədiyini əsas gətirərək AİHM-ə müraciət etmişdilər.
AİHM-dən verilən açıqlamaya görə, həmin şəxslər hazırda Türkiyədə həbsdədirlər.

DİGƏR XƏBƏRLƏR

Top