Fuad Abbasov Azərbaycana gəlib​


Rusiyada yaşayan və işləyən tanınmış jurnalist, Misra.TV internet kanalının rəhbəri Fuad Abbasov Azərbaycana gəlib.
Yeniavaz.com xəbər verir ki, o, modern.az-a açıqlamasında Rusiyada ötən ay baş vermiş çeçen–azərbaycanlı münaqişəsi,  hazırkı vəziyyət, həmçinin diaspor – dövlət münasibətləri ilə bağlı fikirlərini  bölüşüb.

F.Abbasov baş vermiş münaqişəyə toxunaraq bildirib ki, hazırda vəziyyət sabitləşsə də, maraqlı qüvvələr bu tip qalmaqalların yaradılması üçün səy göstərirlər. Onun sözlərinə görə, buna görə, hər an yeni təxribat ortaya çıxa bilər:  
“Bu, istisna deyil. Belə halların yaranmaması üçün biz də aktiv fəaliyyətimizi davam etdiririk”. 
F.Abbasovun sözlərinə görə, maraqlı qüvvələr Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında nifaq salmaq üçün iş aparırlar:
“Azərbaycanlı və digər xalqların arasına münaqişə salmaq istəyən qüvvələr var. Xüsüsən talış xalqı ilə aramızı vurmağa çalışan 3-cü qüvvələr fəallıq edirlər. Digər xalqlarla da aramızı vurmaq istəyənlər səy göstərirlər. Bütün bunlar onu göstərir ki, hər an hər şeyə hazır olmaq lazımdır”.
Fuad Abbasov çeçenlərlə bağlı son xoşagəlməz münaqişənin həllində Azərbaycan dövlətinin ciddi iş apardığını bildirib.  Onun sözlərinə görə, münaqişənin həllində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu,  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, həmçinin Diasporla İş üzrə Dövlət  Komitəsinin sədri Fuad Muradovun köməyi  olub.
F. Abbasov qeyd edib ki, Şeyxülislam Allahşükür Paşazadənin Rusiyadakı çeçen diasporu arasında böyük hörməti var: 

“Prosesə QMİ sədrinin qarışması dövlət qurumlarına böyük kömək oldu. Allahşükür Paşazadənin münaqişəyə müdaxiləsi ciddi nəticələr verdi”.

Jurnalist qeyd edib ki, çeçenlərin öz ruhani liderlərinə sayğısı böyükdür: “Sizə bir şeyi deyim. Hamı hesab edir ki, Çeçenistanda bütün prosesi Ramzan Kadırov idarə edir. Lakin orada həmçinin Pamzan Kadırova da ciddi təsir göstərəcək bir ruhani elitası var. Onu hər kəs bilir. Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistan imamı ilə zamanında əlaqə saxlaması və dini liderlərin münaqişəyə vahid baxışı, təxribatı pisləmələri çeçenlər üçün bir fətva oldu. Mənə elə gəlir ki, çeçenlərin arasında ruhani liderlərə hörmət bəlkə də Kadırova olan hörmətdən də üstündür”.

F.Abbasov qalmaqalın yatırılmasında səfir Polad Bülbüloğlunun böyük iş gördüyünü vurğulayıb. Onun sözlərinə görə, P.Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılarla bağlı bütün məsələlərdə fəaldır: 

“Səfirin azərbaycanlılara qarşı bütün təxribatların qarısının alınmasında böyük rolu var.  Düzdür, Polad Bülbüloğlu bu fəaliyyətini heç bir şəkildə işıqlandırmır, reklam etmir.  Mən mümkün olduqca səfirliyin gördüyü işləri öz səhifəmdə yayıram. Çeçen qalmaqalında da səfirliyin gördüyü iş əvəzedilməz oldu”.

Jurnalist həmçinin Diasporla üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun da məsələ ilə dərhal maraqlandığını deyib.  Komitə rəsmiləri qalmaqalın yatırılması üçün bütün mümkün vasitələrədən istifadə olunmasına çalışıblar.

Hazırda təhülkəsizliyi ilə bağlı probelmlərinə toxunan F.Abbasov bildirib ki,  3 il əvvəl daha çox təhdid alırdı.

“2016-cı ildə Türkiyənin rus təyyarəsini vurduğu zaman mən Türkiyəni müdafiə etmiş, həmçinin aprel döyüşləri zamanı  çoxlu düşmən qazanmışdım.  Odur ki, onlara baxanda bugünkülər elə də diqqətimi çəkmir. Düzünə qalsa, mən artıq bu təhdidlərə  alışmışam”. 
F.Abbasovun sözlərinə görə, yalnız erməni kilsəsində ona qarşı imza kampaniyası başlayan zaman müəyyən narahatlıq keçirib: 

“Onlar mənim fəaliyyətimin dayandırılması, ölkədən deport olunmağım üçün Prokurorluğa şikayət etmək istəyirdilər. Amma bu kampaniya nəticəsiz qaldı. Onların əsassız ittihamlarına heç kim önəm vermədi.  Mən hazırda fəaliyyətimə davam edirəm və gqüvvəmi diaspor fəaliyyətinin güclənməsinə sərf edirəm”.
F.Abbasov deyib ki, bu qalmaqal baş verdiyi zaman sadəcə jurnalist borcunu yerinə yetirib:

“Jurnalist olaraq telefonla canlı yayıma çıxdım və hadisəni işıqlandırdım. Münaqişənin həll üçün Rusiya ilə Azərbaycan arasında aparılan prosesdə heç bir iştirakım olmayıb.  Mən heç vaxt dövlətin apardğı fəaliyyətə qarışmamışam. Dövlətdən də hər hansı dəstək və yardım almamışam. Dövlətin apardığı işi yüksək qiymətləndirirəm. Göstərdiyim fəaliyyəti öz xalqım və vətənim qarşısında borcum hesab edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top