Bu ölkə böyük texnoloji şirkətlər üçün əlavə vergi tətbiq edib


Fransa hakimiyyəti “Google”, “Facebook”, “Amazon”, “Microsoft” və “Apple” kimi iri texnoloji şirkətlərin yerli mədaxili üçün 3 faiz həcmində vergi tətbiq edib. Bu il yeni vergidən ölkə büdcəsinə daxilolmaların 400 milyon avro təşkil edəcəyi, 2022-ci ilədək isə 650 milyon avroya çatacağı nəzərdə tutulur. 2019-cu ilin başlanğıc tarixindən etibarən tutulmağa başlayacaq vergini dünyada illik dövriyyəsi 750 milyon avro, Fransa üzrə 25 milyon avro təşkil edən şirkətlər ödəyəcəklər. Verginin tətbiqi ilə bağlı planlar barədə yanvarda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer məlumat verib. O qeyd edib ki, Fransa hakimiyyəti şirkətlərin vergi ödənişlərindən yayınması ilə mübarizəni gücləndirəcək və beynəlxalq vergi qaydalarına yenidən baxılması təşəbbüsünü irəli sürəcək. Bildirilir ki, analoji verginin Böyük Britaniya, İspaniya və bir sıra digər ölkələrdə tətbiqi planlaşdırılır. Lakin texnoloji nəhənglərin maraqlarını müdafiə edən lobbiçilər bu tədbirlərin əleyhinə çıxış edirlər. Xatırladaq ki, iri texnoloji şirkətlər üçün 3 faiz həcmində əlavə gəlir vergisinin tətbiqi təklifi ilə ötən ilin martında Avropa Komissiyası çıxış edib. Tənzimləyici orqan nümayəndələrinin fikrincə, verginin tətbiqi internet şirkətlərinin Avropada köçürmələrini daha ədalətli edəcək. Təklif Avropa Komissiyasının planının tərkib hissəsidir – uzunmüddətli perspektivdə komissiya texnoloji şirkətlərə onların qeydiyyatda olduğu yer üzrə deyil, məhsullarının satış yeri üzrə vergi tətbiqinə imkan verən islahatlar aparmağı nəzərdə tutur. Bununla yanaşı, islahatlar mədaxili az olan kiçik startaplara şamil edilməyəcək. (ictnews.az)

DİGƏR XƏBƏRLƏR

Top