Yük maşınının sürücüsündən təhlükəli hərəkət - Polis hərəkətə keçdi


Maksimum sürət həddinin saatda 110 kilometr olduğu yolda ağır tonnajlı yük avtomobili yolun əks istiqamətində hərəkət edib.

Yeniavaz.com Xəzər TV-yə istinadən məlumat verir ki, sürücü bu təhlükəli hərəkətini 4-5 kilometr davam etdirib.

Bir vətəndaşın ''Xəzər Xəbər'' in votsap nömrəsinə göndərdiyi görüntü ötən gün günorta saatlarında Bakı-Ələt yolunda çəkilib. Sürücü ağır tonnajlı avtomobilini nəqliyyatın axınının əksinə - üzü şəhər istiqamətinə hərəkət etdirərək həm öz, həm də yol hərəkətinin digər iştirakçılarının həyatı üçün təhlükə yaradıb. Videodan da görünür ki, bu zaman sürücü avtomobili həm də yüksək sürətlə idarə edir.

Görüntünü izləyən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, artıq bu faktla bağlı araşdırma aparılır, ərazidə olan xüsusi texnikaların qeydlərinə baxış keçiriləcək və bunu edən sürücü tapılaraq məsuliyyətə cəlb ediləcək.

Qeyd edək ki, burada sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü, yəni ''əks istiqamətli hərəkət zolağında nəqliyyat axınının əksinə hərəkət etmə'' maddəsinin tələbini pozduğu üçün o, 100 manat və 4 cərimə balı miqdarında cərimələnə bilər.

DİGƏR XƏBƏRLƏR

Top