Mehriban Zeynalova: “Kişilər, qadınların onlardan daha səlahiyyətli olmasını qısqanır...”


Məlum olduğu kimi bu gün 8 mart – Beynəlxalq qadınlar Günüdür. Bu gün sadəcə qadınları müxtəlif hədiyyələr və xoş sözlərlə təbrik etmək üçün yox, həm də onların hüquqlarının qorunması məsələsinin daha yaxşı dərk edilməsi üçün var. Çünki bu günün yaranma tarixçəsi də elə məhz qadınların hüquqları üçün küçələrə axın etməsi ilə bağlıdır.
Bəs görəsən Azərbaycanda qadınların hüquqları nə dərəcədə qorunur. Yeniavaz.com bunu elə Azərbaycan qadınından öyrənməyə çalışdı.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, qərarverici orqanlarda kişilər, qadınların onlardan daha səlahiyyətli olmasını qısqanır:
“Məsələ bundadır ki, qanunvericilik baxımından, ən ali sənəd – konstitusiyada da olduğu kimi qadın və kişilərin hüquqları bərabərdir. Ölkələr var ki, orada heç konstitusiya da yoxdur. Bizdə bu məsələ konstitusiyada və qanunvericilik aktlarında öz əksini tapır. Təəssüf ki, hələ də bəzi qadınlar öz hüquqlarını kişilərə əmanət edirlər. Çox vaxt qərarverici orqanlarda kişilər qadınların onlardan daha səlahiyyətli olmasını qısqanırlar”.
Mehriban xanımın fikrincə bu problemin yeganə həlli yolu insanların, əsasən də qadınların düşüncə tərzinin dəyişməsidir:
“Problem insanların davranışında, düşüncə tərzindədir. Problem icra sturukturlarında işləyən adamların öz hislərindən asılı olmasındadır. Problem qadınların öz hüquqları ilə bağlı prinsipial mövqe nümayiş etdirməməsində, daha çox köhnə adətlərə üstünlük vermələrindədir. Məncə bu problemlər olmasa ideal mühit yaranar.
Qadınlar daha çox kişi rəhbərliyinə öyrəniblər. Bəzən qadınların özləri də bu hala dəstək verir. Bu dəstək aradan qaldırılan zaman, qadınların bacarığı, düşüncəsi, biliyi görünəcək və bu sərhədlər aradan qalxacaq. Amma biraz mübarizə aparmaq lazımdır”.
Xalq artisti Flora Kərimova dedi ki, bu yaşına qədər ona heç vaxt bu sual verilməyib:
“Mən bütün Azərbaycan qadınlarını təbrik edirəm. Bu suala cavab vermək mənə çox çətindir, çünki, heç vaxt mənə bu sualı verməyiblər. Bizdə nə qadına, nə də şəxsiyyətə hörmət yoxdur, sadəcə tutduğun vəzifəyə qorxu var. Azərbaycanda qanunla qadınlar və kişilər arasında üstünlük deyə bir şey yoxdu. Sadəcə hər şey o qanunları icra və tətbiq edənlərin insafından asılıdır”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top