Azərbaycan xaricə civə satmağa başlayıb - Miqdarı və qiyməti AÇIQLANDI

“AzerGold” QSC "Çovdar" yatağından çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, əldə edilən tullantı civənin ixracına başlayıb. Yeniavaz.com “AzerGold”dan verilən xəbərə istinadən bildirir ki, ilk civə partayası Sinqapura göndərilib.

Hazırda dünya praktikasında civənin torpaqda basdırılması və təkrar istehsalda istifadəsi kimi iki utilizasiya üsulu mövcuddur. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha  səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir. Ekoloji və sosial məsuliyyətin “AzerGold” QSC-nin prioritetlərindən biri olduğu nəzərə alınaraq, QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirilməsini tətbiq etməkdədir.

Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılmış və tələbatın olmadığından sadalanan şərtlər çərçivəsində çoxsaylı xarici şirkətlərlə müvafiq danışıqlar aparılaraq bütün tələblərə cavab verən və daha sərfəli şərtlər təklif edən, həmçinin KYC (Know Your Customer), hüquqi və texniki audit (“due diligence”) şərtlərinə cavab verən Sinqapurun "Asia Mercury" şirkəti ilə müqavilə imzalanmışdır. Nəticədə “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini vermiş, həm də 40 000 manata yaxın məbləğdə mənfəət əldə etmiş oldu. Başqa sözlə tullantı civənin hər kiloqramından bütün xərclər çıxılandan sonra 34,4 manat mənfəət əldə edilib. 

Qeyd edək ki, yanvar ayında “Asia Mercury” şirkətinin direktoru Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə səfər edib. Səfər çərçivəsində şirkət nümayəndəsi hasilat prosesi zamanı xammalın tərkibindən civənin təhlükəsizlik qaydalarına uyğun ayrılması və saxlanılması, yaradılmış şərait, müasir texnologiyaların tətbiqi, əməyin təhlükəsizliyi ilə bağlı görülmüş tədbirləri yüksək qiymətləndirib. 

Baş tutan ixrac, bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla reallaşdırılıb. Qeyd edək ki, Minamata Konvensiyasına əsasən civə tullantılarının insan sağlamlığı və ətraf mühitə təsirini önləmək məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top