Məşhur “Əgər səni unutsam” mahnısı plagiatdır? - VİDEOLAR

Uzun illərdir ki, Azərbaycanda dillər əzbəri olan “Əgər məni unutsan” mahnısının musiqisinin plagiat olması barədə iddialar səsləndirilib.
Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluna məxsus bəstənin musiqisinin bəstəkar Claude Françoisun bəstələdiyi mahnı ilə oxşarlıq təşkil etməsi diqqət çəkib.

İlk dəfə 1967-ci ildə Claude François tərəfindən fransız dilində yazılmış və “Comme d'habitude”  adlanan bəstənin bir neçə versiyası var. 1969-cu ildə isə ingilis dilində “My way” adı ilə təqdim olunub.

Sonuncu versiya isə 2012-ci ildə bəstəkar Ernesto Cortazarın “ Journey Around The World Vol. II” adlı albomuna daxil edilib.  

“Əgər məni unutsan” mahnısı  isə 80-cı illərdə yazılıb və ilk ifaçısı Firəngiz Rəhimbəyli olub. Daha sonra xalq artisti Brilyant Dadaşovanın ifası ilə daha da məşhurluq qazanıb. 

Fransız bəstəkarla Faiq Sücəddinovun yazdığı mahnının müəyyən yerlərində notlar eynidir. Bəstənin bəzi yerlərində 6, bəzi yerlərində isə 8 not təkrarlanır.
Musavat.com məsələ ilə bağlı bəstəkar Faiq Sücəddinovla əlaqə saxlayıb. Bəstəkar sualı eşidib-eşitməz əsəbləşərək, bu haqda danışmaq istəmədiyini bildirib.
Pianoçu Xalidə Gəray isə açıqlamasında bildirib ki, musiqilərdə oxşarlıq var: “Həqiqətən oxşarlıq var. Ritm, melodiyalar bir-birinə çox bənzəyir. Amma Faiq Sücəddinovun mahnısını plagiat adlandırmaq da olmaz. Çünki Sovet dövründə xarici estrada  musiqilərini tapmaq, dinləmək müşk məsələ idi. Bəzi musiqiçilər, bəstəkarlar hansısa radio və yaxud digər vasitələr ilə dünyada olan yeni mahnıları, yeni musiqi üslublarını tapmağa çalışırdılar.  Və əksər hallarda hansısa bəyəndikləri melodiyaları, ritmləri öz mahnılarında, ifalarında istifadə ediblər. Bu təbiidir, bəzən də Azərbaycanın klassik əsərlərindən hansısa hissənin və ya melodiyasının xarici musiqilərdə istifadə edildiyinin şahidi oluruq. Məsələn, İ.S.Baxın məşhur reminor tokattasının Azərbaycanın “Bayatı-Şiraz” muğamının plagiatı olduğu haqda fikirlər var. Bu cür nümunələr dünyada çoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top