Dərman mafiyasının məhkəmə işindən: Rəisin xəbəri olmadan stulda əyri də otura bilməzdik...


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com xəbər verir ki, əvvəlcə Tibbi Xidmət İdarsənin mühasibi Novruzlu Elnurə dindirilib. O bildirib ki, gün ərzində toplanan vəsait xəzinədən ona təhvil verilirdi: "Mən gündəlik vəsaitin təxminən 30 faizini rəsmiləşdiriridim. Daha sonra mənim işlədiyim vəzifəyə Ramil Kərimov təyin olunsa da bütün işi yənə mən görürdüm. Etiraz etsən də mənə dediler ki "belə məsləhətdi". 
O bildirib ki, ötən il may ayının əvvəlində bütün maliyyə əməliyyatlarının aparıldığı harddisklər dəyişdirilib: "İdarədə "silgi komissiyası" yaradılmışdı. Necə olduğunu bilmirəm amma məni də bu komissiyanın üzvü etmişdiler. Bizə siyahı gətirib imzalatdırırdılar ki, filan qədər dərman həqiqətən də xəstələrə istifadə olunub".
Şahid qismində dindirilən idarənin xəzinədarlarından İntizam Hüseynəliyev isə bildirib ki, Fikret Qədiməliyevin xəbəri olmadan stulda əyri də otura bilməzdik: "F.Qədiməliyev gecə saat 4-də də zeng vurub nə vəziyyətdə oturduğumuzu soruşurdu".
O həmçinin qeyd edib ki, müalicə alanlardan kim istəsə ona rəsmi çek verirdik, digər hallarda çek olmadan pulu qeyri-resmi yolla alırdıq.
Şahid qismində idarənin xezinədarlarından Məmmədova Rəna, Hacıyeva Rəna, Şirinova Aynurə, anbardar Salahova Yaqub, invertar üzrə məsul şəxs İbrahim İbrahimov da dindirilib. 
Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.
Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.
DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top