Azərbaycanda məhsulun ifrat bol və ya qıt olmasının qarşısı alınacaq - VİDEO


Elektron kənd təsərrüfatı sistemi fermerlərin öz məhsullarını daha düzgün istiqamətdə yetişdirib birbaşa bazara çıxarmalarına yardım edəcək. Bu sistem hər hansı bir məhsulun ifrat bol və ya qıt olmasının qarşısını alacaq.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Xəzər Xəbər”ə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu sistemin ən böyük üstünlüyü fermerlər üçün dövlət xidmətlərinin əlçatan və şəffaf olmasıdır. Bununla bərabər bu sistem sayəsində fermerlər yetişdirdikləri məhsulun bazarının olub-olmadığını əvvəlcədən biləcəklər.

Nazir İnam Kərimov bildirib ki, ölkəmiz fermerlərə subsidiyaların verilməsinə görə öndə gedən dövlətlərdəndir. Hətta subsidiya qaydalarının təkmilləşdirilməsi istiqamətində yeni layihə də artıq yekunlaşmaq üzrədir. Bu layihə subsidiya ilə bağlı bir sıra məsələləri özündə ehtiva edəcək.

İnam Kərimovun sözlərinə görə, Prezident İlham Əliyevin bu il əsas tapşırığı məhsuldarlığın daha da artırılması ilə bağlıdır. Bu istiqamətdə ən başlıca vəzifə həm torpaq seçimi, həm də gübrələmə sahəsində mövcud olan problemləri araşdırıb onları həll etməkdir. Odur ki, nazirlik artıq bu kimi problemləri araşdırmaq üçün fermerlərlə treninqlərin keçirilməsinə başlayıb.

İnam Kərimovun sözlərinə görə, artıq rayonların ixtisaslaşmasına başlanılıb. Nazirlik və aqrar tədqiqat institutları bununla bağlı metodologiya hazırlayıb. Burada faktiki və optimal ixtisaslaşma imkanları araşdırılır. Yəni rayonlardakı ənənəvi məhsulların yetişdirilməsi ilə bərabər, həmin rayonlarda o mühitə uyğun yeni məhsulların yetişdirilməsi planlaşdırılır.

Nazir həmçinin bu yaxınlarda Ucarda illik 40 min ton istehsal gücünə malik yeni pambıq zavodunun istifadəyə veriləcəyini də bildirib.

DİGƏR XƏBƏRLƏR

Top