Prezident İlham Əliyev: Tağıyev təhsil alması üçün mənim babama da pul verib - VİDEO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə dövlət başçısı aktyor, əməkdar artist Bəhram Bağırzadə ilə danışarkən bildirib ki, Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərib.
Yeniavaz.com xəbər verir ki, Prezidenti İlham Əliyev Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olduğunu bildirərək qeyd edib ki, o, Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir: " Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın. Ümumiyyətlə, mən sənin fəaliyyətini izləyirəm. Sən şəhərimizin inkişafı, tarixi mirasımızın qorunması ilə bağlı çox fədakar, çox böyük iş aparırsan. Mən izləyirəm, təqdir edirəm və sənə bu işdə yeni uğurlar arzulayıram".

DİGƏR XƏBƏRLƏR

Top