Xarici ölkələrə ən çox nələr satırıq? - SİYAHI


Bu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının ixracı 1,3 milyard dolları təşkil edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki,  bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 15 milyon  dolları və ya 12 faiz  artıb. Cari ilin yanvar ayı ərzində Rusiyaya 46,3 milyon, Türkiyəyə 25,2  milyon, Gürcüstana 13,6 milyon, İsveçrəyə 9,8 milyon,  İrana isə 6,9  milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində Rusiyaya qeyri-neft ixracı 26%, Türkiyəyə 9%, Gürcüstana 20%, İrana isə 4,1 dəfə artıb.
Bu ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (12,6 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (12 milyon dollar) ikinci yerdə qərarlaşıb. Mahlıc isə (11,9 milyon dollar) bu siyahıda üçüncü olub. 
Ümumilikdə isə 2019-cu ilin yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 43,4 milyon, pambıq lifi ixracı 11,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 11,7 milyon, elektrik enerjisinin ixracı 11,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 6,9 milyon, kimya sənayesi məhsullarının ixracı 6,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,7 milyon, pambıq ipliyi ixracı 859 min dollar təşkil edib.  
Cari ilin yanvar ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,5 dəfə,  elektrik enerjisinin ixracı 4,3 dəfə, kimya sənayesi məhsullarının ixracı 86 faiz, pambıq lifinin ixracı 80 faiz, meyvə-tərəvəzin ixracı 24 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz artıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top