Prokuror Beynəlxalq Bankdan 15 milyon manat mənimsəyən şəxsə cəza istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı R.Allahverdiyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

İttiham aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.

Məlumata görə, R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda ümumilikdə, 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti Məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top