Polis kənd orta məktəbində görüş keçirib


Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.

Yeniavaz.com xəbər verir ki, belə tədbirlərdən biri Goranboy rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Veyisli kənd orta məktəbində gerçəkləşib.
“Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda keçirilən həmin tədbirdə çıxış edən Goranboy RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov  şagirdlərin nəzərinə çatdırıb ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə öz gələcəyini bilərək məhv edir. Narkotacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək, xüsusən məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar.
Tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi, vətənpərvər ruhda böyümələri istiqamətində davamlı işlər aparmalıdırlar.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top