“Qripdə antibiotik istifadə etmək olmaz” - Valideynlərin nəzərinə


Şabran rayonunda 7 yaşlı Gülnur Dadaşovanın antibiotikdən dünyasını dəyişməsi yenidən bu dərmanlardan istifadə məsələsini gündəmə gətirib.

Yeniavaz.com xəbər verir ki, qafqazinfo.az mövzu ilə bağlı pediatr Vaqif Qarayevlə əlaqə saxlayıb. O, qeyd edib ki, istənilən dərmanın, o cümlədən antibiotikin təyinatı üçün göstəriş mövcuddur: “Son vaxtlar əhali arasında çox qəribə fikir yaranıb. Az qala beş valideyndən 3-ü deyir ki, uşağına antibiotik yazılmasın. Onun ziyanlı olduğunu vurğulayırlar. Qeyd edim ki, yersiz təyinat olanda istənilən dərman ziyandır. Antibiotikin hərfi mənası “həyatın əleyhinə” deməkdir. Xəstəliktörədici mikroorqanizmlər var ki, onların həyatının əleyhinə antibiotiklərdən istifadə olunur. Xəstəliktörədicilər isə müxtəlifdir. Bunlara virus, bakteriyalar, parazitlər və sairə daxildir. Virus varsa antibiotik istifadə etmək olmaz. Çünki köməyi yoxdur. Əksinə ziyandır,  orqanizmin ümumi müqavimətini azaldır. Ümumi laboratoriya müayinələrindən sonra xəstəliyin törədicisi aşkar olunduqda antiobiotik təyinatı vacibdir. Çünki xəstə başqa cür sağala bilməz. İndiki soyuqdəymələrdə, el dilində desək, qriplərdə antibiotik olmaz, çünki törədicisi virusdur. Bu zaman virus əleyhinə preaparatlardan istifadə olunur. Uşaqlarda virus infeksiyasında uzunmüddətli qızdırma bədəni o qədər zəiflədir ki, bakteriyaların baş qaldırmasına yol açır. Bu zaman bədənə ikinci bir infeksiya yəni, bakteriya qoşulur, vəziyyət daha da ağırlaşır. Ancaq bakteriyanın olub-olmamasını həkim təyin edəcək. Bu zaman artıq antibiotikin təyinatı qaçılmazdır”.
 
V. Qarayev xatırladıb ki, 20 il qabaq indiki antibiotiklərin bir çoxu yox idi: “Bu zaman iynə vurulmadan əvvəl dəriiçi test qoyuluraq bədənin qəbul edib-etməyəcəyi yoxlanılırdı. Amma indiki antibiotiklərin kristalları həddindən artıq iridir. Nə qədər qarışdırsan da, testi düzgün qoysan da əksər hallarda testin yeri qızarır. Yəni, bu test tibb personalına, həkimə düzgün informasiya vermir.

Son vaxtlar antibiotikin kiçik bir dozasını əzələ daxilinə yeridirlər. Müəyyən müddət gözlənilir və ciddi narahatlıq yoxdursa, yerdə qalan doza da vurulur. Amma bunların heç biri yüzdə yüz informativ deyil. Bu, dünyanın hər yerində belədir. Həkim antibiotik təyin etmədən əvvəl xəstəylə, uşağın valideyni ilə allerqoloji söhbət aparmalıdır. Uşağın nəyəsə qarşı allergiyasının olub-olmaması aşkar olunmalıdır. Bizdə bu söhbət aparılmır. Birbaşa antibiotik yazılır. Bu zaman xəstə anafilaktik şoka düşür. Bu, çox ciddi haldır. Bir neçə dəqiqənin ərzində xəstənin həyatına son qoyur. Belə ki, arterial təzyiq sıfra düşür və xəstə dünyasını dəyişir. Ona görə də kimsə hansısa dərmandan narahatlıq hiss edirsə, “filan dərmana reaksiyası var” qeyd olunmalıdır. İnsanın özü də bunu yadında saxlamalıdır. 

Bizdə antibiotik qəbulu bərbad haldadır. Ən çox da son vaxtlar yayılan infeksiyalarla bağlı xəstə həkimə müraciət etmir. Bu zaman aptekə gedir. Aptekçilər də bir yox, iki antibiotik verirlər. Adam dəhşətə gəlir. Həkimin qəbulunda deyirlər ki, antibiotik yazmayın, aptekçi “satıcı”nın dediyinə inanırlar.

Uşaqda angina varsa həkim laboratoriyada analiz etməlidir. Anginanı törədən mikrobun, yəni bakteriyanın adı aşkar olunur. Sonra o xəstəlik törədicisinin hansı antibiotikə həssaslığı təyin olunur. Bu, həkim üçün əla imkan yaradır ki, gözüyumulu istədiyi antibiotiki yazmasın. Aptekdən birbaşa dərman alanda isə xəstənin vəziyyəti get-gedə pisləşir. Əhali bilməlidir ki, bu kimi hallar ilk dəfə deyil ki, baş verir. Antibiotikin təyinatı mütləq həkim tərəfindən hərtərfəli müayinədən sonra təyin olunmalıdır. Telefon, internet, votsap burada rol oynamamalıdır”.

Xatırladaq ki, xəstəxanaya gedən G. Dadaşovanın  boğazı ağrıyıb və qızdırmalı olub. Ailə üzvlərinin sözlərinə görə, uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra onun vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top