Xəzəri ən çox çirkləndirən səbəb açıqlandı


Xəzər dənizinin şimal və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularından götürülmüş analizlərin nəticələri göstərir ki, dənizə axıdılan bu suların tərkibində kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə AzərTac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov məlumat verib.

“Dənizi ən çox ictimai-iaşə obyektlərində formalaşan təsərrüfat-məişət mənşəli tullantı suları çirkləndirir. Aparılan monitorinqlər zamanı iri müəssisələrdə formalaşan istehsalat və məişət tullantı sularının təmizlənmədən çaylar vasitəsilə və birbaşa dənizə axıdıldığı məlum olub. Ümumiyyətlə, Xəzər dənizi Abşeron yarımadasında məişət tullantı suları və neft məhsulları, bölgələrdə isə daha çox məişət tullantı suları ilə çirkləndirilir. Axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşib. Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılıb, müəssisə sahiblərinə tullantıların qarşısının alınması məqsədilə müasir təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq-bildiriş məktubları göndərilib. Şimal bölgəsində fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyektləri tövsiyə və bildirişləri nəzərə alaraq müasir təmizləyici qurğular quraşdırıblar. Əksəriyyətində isə hələ də bu istiqamətdə tədbirlər görülməyib. Onlarla izahat işlərimizi davam etdiririk. Məqsədimiz onları Xəzər dənizini və su hövzələrini birgə qorumağa cəlb etməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top