“Quş qripi” ilə bağlı monitorinq - İlkin nəticələr


Fevralın 25-dən ölkə ərazisində “quş qripi” xəstəliyinə görə başlanan milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinq davam etdirilir. 

Yeniavaz.com xəbər verir ki, artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 27 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş köçəri quşun patoloji material, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 11 baş köçəri quşun patoloji material, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş köçəri quşun patoloji material) köçəri quşlardan patoloji material, həmçinin Abşeron (50 baş ev qusuş qanı), Şabran (50 baş ev qusuş qanı) və Salyan (50 baş ev qusuş qanı) rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 150 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə və xəstəlikdən tələfata rast gəlinməyib.

Həm köçəri, həm ev quşlarından götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

DİGƏR XƏBƏRLƏR

Top