Avstriyada qaçqınlara gecə sığınacaqları tərk etmək qadağan ediləcək


Avstriya Daxili İşlər Nazirliyinin təqdim etdiyi yeni qaydalara əsasən, martın 1-dən etibarən bu ölkədəki qaçqınlara gecə sığınacaqları tərk etmək qadağan olunur.

Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, Avstriyanın federal daxili işlər naziri Herbert Kikl qaçqınlara axşam saat 22:00-dan səhər saat 06:00-dək qeydiyyatda olduqları mərkəzləri tərk etməyə icazə verilməyəcəyini bildirib. Bu qaydaya tabe olmayan şəxslər ailəsi ilə birlikdə ölkənin ucqar ərazilərində yerləşən qaçqın məntəqələrinə göndəriləcək. Yeni qaydanın əhalinin sıx yaşadığı ərazilərdə asayişin qorunması məqsədilə tətbiq edildiyi deyilir. Həmçinin ölkədəki qaçqınların ilkin qəbul mərkəzlərinin bundan sonra vətənə qayıdış mərkəzlərinə çevriləcəyi də elan edilib. Bu yolla qaçqın statusuna hüququ çatmayan və yalnız iqtisadi səbəblərdən Avstriyaya üz tutan şəxslərin qısa və sadələşdirilmiş proses nəticəsində öz ölkələrinə geri göndərilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, ictimai asayişi qorumaq məqsədilə təhlükəli hesab edilən qaçqınlar və ya bu status üçün müraciət edən şəxslər konkret cinayət törətmədikdə belə saxlana və müvəqqəti həbs edilə bilərlər. Avropa İttifaqı qanunlarında belə bir addım üçün hüquqi bazanın mövcud olduğu da vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top