Daxili orqanında narkotik vasitələr aşkar edildi


İran vətəndaşının düz bağırsağında selofana bükülü 7 ədəd büküm narkotik vasitə tapılıb.

Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn həmin ölkə vətəndaşı Nıkjou Tapeh Bahram Mousa "Biləsuvar" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı ona üzərində qanunla qadağan olunan hər hansı predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olub-olmaması soruşulub. Vətəndaş isə üzərində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib.

Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanada rentgen müayinəsindən keçirilərkən onun daxili orqanı - düz bağırsağında yad predmetlərin olduğu görünüb.

Bundan sonra Nıkjou Tapeh Bahram Mousanın düz bağırsağında gömrük nəzarətindən gizlədilən, selofana bükülü 7 ədəd büküm aşkar edilib. Bükümlərdən 6 ədədinin içərisində qablaşdırılması ilə birgə ümumi çəkisi 415 qram narkotik vasitə - heroin, digər 1 ədəd bükümdə isə üzərində F/M40 nişanəsi olan 20 ədəd metadon adlı həb olduğu müəyyən edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top