Azərbaycanda indiyədək bağlanan və adı dəyişdirilən telekanallar - SİYAHI

Məlum olduğu kimi, yaxın günlərdə Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq. Mirşahin Ağayevin rəhbərlik edəcəyi "Real" TV ixtisaslaşmış (xəbər) kanalı olacaq. TV-ə müddətsiz lisenziya verilib.

Yəqin ki, yaxın gələcəkdə Azərbaycanda daha bir neçə kanal fəaliyyətə başlayacaq.

Bəs bu günədək Azərbaycanda neçə televiziya kanalı bağlanıb və ya adı dəyişdilib?

Yeniavaz.com xəbər verir ki, bağlananların bəziləri ya internet televiziya kimi, ya da bölgələr üzrə fəaliyyət göstəriblər.

İlk bağlanan kanal "Sara TV" olub. Bu telekanal əsasən şou-biznes, mədəniyyət yönümlü idi. 16 iyun 1995-ci ildə fəaliyyətə başlayan bu kanal 1999-cu ildə bağlanıb. Kanalın bağlanması ilə bağlı müxtəlif səbəblər göstərilir. Onlardan biri də kanalın təsisçisi Rəsul Raufun xarici ölkə vətəndaşı olması iddialarıdır. Amma bu məlumatın nə dərəcədə əsaslı olduğu dəqiq deyil.

Bağlanan digər kanal AZTV-2 olub. 1992-ci ildən fəaliyyət göstərən bu kanal 2005-ci ildə bağlanıb. Kanalın bağlamasına səbəb İctimai Televiziyanın yaradılması olub.

Bağlanan digər kanal ABA TV olub. 19 iyul 1999-cu ildə fəaliyyətə başlayan ABA TV 17 iyul 2001-ci ildə bağlanıb. Kanalın bağlanmasına səbəb kimi vergidən külli miqdarda yayınma göstərilir.

Fəaliyyətini dayandıran digər kanal "Aygün" TV idi. Bu kanalın ofisi Zaqatalada yerləşirdi. 25 yanvar 1996-cı ildə açılan kanal 14 fevral 2014-cü ildə bağlanıb. Bağlanmasına səbəb isə lisenziya üçün tələb olunan sənədlərin Milli Teleradio Şurasına təqdim edilməməsidir.

İnternet televiziya kimi fəaliyyət göstərən "Yurd TV" isə 1 mart 2011-ci ildə işdə başlamışdı. Kanal 11 aprel 2014-ci ildə bağlanıb.

Azərbaycanda sonuncu bağlanan kanal isə ANS oldu. 26 noyabr 1991-ci ildə işə başlayan kanal, 18 iyul 2016-cı ildə bağlandı.

Bir vaxtlar fəaliyyət göstərib, sonradan adı dəyişdirilərək, bazasında başqa telekanal açılan kanallar da var.

Məsələn, 26 iyul 1995-ci ildə açılan SM TV-nin bazasında 2010-cu ildə "Türkel TV" fəaliyyətə başlayıb. Bu kanal regional idi.

Bundan başqa, 14 iyul 2006-cı ildə fəaliyyətə başlayan "Yevlax TV"-nin bazasında 2010-cu ildə bazasında "EL TV" açıldı. Bu kanal da regional idi.

"ATV international" olaraq yayımlanan kanalın bazasında 2013-cü ildə CBC fəaliyyətə başlayıb.

2014-cü ildə isə "Region TV"nin adı dəyişilib. Kanal "ARB TV" (Azerbaijan Republic Broadcasting - Azərbaycanın Respublika Yayımçısı) adı altında fəaliyyət göstərir.

Bundan başqa "TTV" (Türkel TV) - "ARB 24", "Alternativ TV" - "ARB Ulduz", "Günəş TV" - "ARB Günəş" olaraq fəaliyyətini davam etdirir.

"Kəpəz TV" - "ARB Kəpəz", "Kanal S" - "ARB Şəki", "RTV - ARB Şimal", "CTV" - "ARB Cənub" , "EL TV" - "ARB Aran" olaraq yayımlanmağa başlayıb.

Qeyd edək ki, Azərbaycanda açılan telekanallar bağlananların sayından xeyli çoxdur və həm texniki imkanları, həm də peşəkarlıq baxımından digərlərindən heç də geri qalmırlar.

Yaxın gələcəkdə Azərbaycanda daha bir neçə telekanalın fəaliyyətə başlayacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top