“Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi "Tompa Group" MMC (VÖEN- 1004448331) şirkəti olub. Müsabiqənin şərtinə görə "Tompa Group" MMC “Elektron Hökumətin İnkişafı Mərkəzi” üçün 12 ay ərzində gündəlik təmizlik işlərini görəcək.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” ümumilikdə 5 075 kvadrat metr sahədə gündəlik təmizləmək işləri görmək üçün "Tompa Group" MMC –yə 329 min 853 manat 8 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "Tompa Group" MMC 08.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Ağa Nemətulla (Rəsulzadə qəs.), ev 22” olaraq göstərilir. Qanuni təmsilçisi isə Həsənov Qadir Vəli oğludur.
Açıq internet resurslarında "Tompa Group" MMC barəsində heç bir məlumata rast gəlmək mümkün deyil. “Facebook” sosial şəbəkəsində 1 may 2020-ci il tarixində “Tompa Group MMC” adı ilə açılan səhifəni isə bugünə kimi bir nəfər də olsun “bəyənməyib”.
Onu da qeyd edək ki, "Tompa Group" MMC “ASAN xidmət” mərkəzlərinin və “ASAN xidmət”ə məxsus avtomobillərinin təmizlənməsilə bağlı keçirilən onlarla tenderin qalibi olub. Son bir ildə bu məqsədlə “ASAN xidmət” "Tompa Group" MMC-yə 1 milyon manatdan artıq vəsait ödəyib.
“ASAN xidmət” sonuncu dəfə "Tompa Group" MMC ilə 21.01.2021-ci il tarixində müqavilə imzalayıb. Mingəçevir regional “ASAN xidmət”ə məxsus 1 ədəd “Man Neoplan” və 1 ədəd “Ford Transit” avtomobilini təmizləmək üçün "Tompa Group" MMC “ASAN xidmət”dən 152 min 847 manat alacaq.