Gürcüstan Ombudsmanı azərbaycanlı yeniyetmə qızın nişanlanmasına münasibət bildirib

Gürcüstanın Ombudsman Aparatı azərbaycanlı yeniyetmə qızın sosial şəbəkələrdə yayılan mümkün nişan mərasimi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə xalq müdafiəçisinin ofisindən bildirilib.

Qeyd olunub ki, bu gün sosial şəbəkələrdə yeniyetmə qızın nişan mərasiminin yer aldığı videogörüntülər yayılıb. Ombudsmanın nümayəndələri məsələ ilə bağlı əlavə məlumatlar əldə edərək dərhal hüquq-mühafizə orqanlarına təqdim ediblər.

“Təəssüf ki, erkən nikah və nişanlar Gürcüstanda hələ də yayılıb. Xalq müdafiəçisinin araşdırdığı faktlar göstərib ki, bu cür hallar əsasən nikaha məcbur etmə, azadlıqdan qanunsuz məhrum etmə və valideynlər arasında razılaşma forması daşıyır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi addımlar, həmçinin profilaktik tədbirlər ölkə qarşısında duran bu problemi adekvat həll etməyə imkan vermir”, - məlumatda vurğulanıb.

Gürcüstan ombudsmanı hüquq-mühafizə və yeniyetmələrin işləri üzrə məşğul olan orqanları nikaha məcbur etmə hallarının qarşısını almaq məqsədilə fakta təxirə salınmadan reaksiya verməyə çağırıb: “Yeniyetmə və onun valideynləri ilə iş aparılmalıdır. Bu istiqamətdə yerli icma arasında erkən nikahlarla bağlı maarifləndirmənin davam etdirilməsi də vacibdir”.//Report

DİGƏR XƏBƏRLƏR

Top