MANAT haqqında hər kəsin bilməli olduğu 15 SUAL - 15 CAVAB


Azərbaycanın milli pul vahidi manat 15 avqust 1992-ci il tarixində dövriyyəyə buraxıldı. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu və 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 ekvivalentində olan metal pullardan ibarət oldu. Azərbaycan manatının simvolu - ???, beynəxalq ISO kodu isə 994-dür. 
Manatla bağlı insanları maraqlandıran və ən çox səsləndirilən 15 sual və bu sualların cavabını təqdim edirik: 
1. Əskinasların üzərində yazı yazmaq, qeydiyyat aparmaq və ya şəkil çəkmək olarmı? 
- Əskinasların üzərinə yazılar yazılmamalı, şəkil və ya təsvirlər çəkilməməli və qeydlər edilməməlidir. Həmçinin, onların üzərinə lent yapıdırılmamalı və əskinas əzilməməlidir. Zədələnmiş, aşınmış, köhnəlmiş əskinasları Mərkəzi Bankın qurumlarında və ya banklarda dərhal dəyişdirmək lazımdır. Üzərində yazı və ya qeyd olduğu halda Mərkəzi Bank tərəfindən həmin əskinas dövriyyədən çıxarılır və yenisi ilə əvəz olunur. Beləliklə də, əlavə dövlət vəsaiti xərclənmiş olur. Buna görə də, əskinaslarin üzərində yazı yazmaq, şəkil çəkmək və ya hər hansı qeydiyyat aparmaq olmaz. Əskinasların keyfiyyətinin saxlanılması məqsədi ilə onların portmanatda daşınması məqsədəuyğundur. 
2. Əskinaslar qəbul ediləndə nələrə diqqət edilməlidir? 
- Əskinası qəbul etdikdə müvafiq mühafizə elementlərinə, əskinasın zədələnmiş, aşınmış, köhnəlmiş olmamasına diqqət yetirməlidir. 
3. Yararsız pul nişanlarını harada dəyişmək olar? 
- Yararsız pul nişanları banklarda, Mərkəzi Bankda və onun qurumlarında dəyişdirilə bilər. 
4. Hansı əskinasların dəyəri ödənilir? 
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən: Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilə bilər. 
5. Saxta əskinas müəyyən olunduğu halda nə etməli? 
- Saxta əskinas müəyyən etdikdə dərhal hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Saxta pul nişanları banklar və Mərkəzi Bank tərəfindən dəyişdirilmir və onun dəyəri ödənilmir. 
6. Köhnə nümunəli pul nişanları hansı müddətə kimi yeni nümunəli pul nişanlarına dəyişdirilə bilər? 
- Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmana əsasən köhnə nümunəli pul nişanları məhdudiyyətsiz və müddətsiz olaraq dəyişdirilir. 
7. Köhnə nəsil pul nişanını yenisi ilə harada dəyişdirə bilərəm? 
- Köhnə nəsil pul nişanları yenisi ilə Mərkəzi Bank və onun qurumlarında dəyişdirlir. 
8. Qəpiklərin çəkisi nə qədərdir? 
- 1 qəpik - 2,8 qr; 
- 3 qəpik - 3,45 qr; 
- 5 qəpik - 4,85 qr; 
- 10 qəpik - 5,25 qr; 
- 20 qəpik - 6,6 qr; 
- 50 qəpik - 7,7 qr. 
9. Metal pul nişanları hansı materiallardan hazırlanmışdır? 
- Qəpiklər 1, 3 və 5 qəpik mislə döyülmüş poladdan, 10 və 20 qəpik latunla ortülmüş poladdan və 50 qəpik isə latunla örtülmüş polad və nikeldən hazırlanmışdır. 
10. Yeni nəsil pul nişanlarının dizayn mövzusu nəyə həsr edilmişdir? 
- Əskinas və sikkələrin dizaynları Avro əskinaslarının müəllifi Avstriya Milli Bankının dizayneri Robert Kalina tərəfindən hazırlanmışdır. Dizaynların hazırlanmasında qrafik üsula əsas yer verilmiş, portret və arxitektura abidələrinin istifadəsindən imtina edilmişdir. Yeni nəsil əskinas və sikkələrin dizaynları ümumi vahid konsepsiya əsasında hazırlanmış və "Azərbaycanın müstəqilliyi və azadlığı" adı altında hazırlanmışdır. 
- 1 Mantalıq əskinas İncəsənət mövsusuna həsr olunmuşdur. Azərbaycan musiqisinin rəmzi işarələri kimi tar, kamança və qaval müsiqi alətləri kompozisiyası təsvir olunmuşdur. 
- 5 Manatlıq əskinas Mədəniyyət və Ədəbiyyat mövsusuna həsr olunmuşdur. Burada qədim vaxtlardan Azərbaycanda mədəniyyətin əsas göstəricisi olan əlifbanın evolusiyası əks olunmuşdur. 
- 10 Manatlıq əskinas Tarix mövsusuna həsr olunmuşdur. Azərəbaycanın qədim tarixə malik olması ideyası əsasında mövzu inkişaf etdirilmişdir. 
- 20 Manatlıq əskinas Qarabağ mövzusuna həsr olunmuşdur. Dizaynda Qarabağın Azərbaycanın qədim və ayrılmaz hissəsi olması ideyası və Şuşanın rəmzi işarələri əsas yer tutur. 
- 50 Manatlıq əskinas elm mövzusuna həsr olunmuşdur. Dizaynda Müsəqil Azərbaycanın inkişafında elmin və gənclərin evolusiyasının ən vacib yer aldığı ifadə olunur. 
- 100 Manatlıq əskinas Azərbaycanın iqtisadiyatının inkişafını və dinamikasını ifadə edir. Sikkələrin dizaynları əskinasların dizaynlarına müvafiq hazırlanmışdır. 
11. Vahid ailə konsepsiyası nədir? 
- Dünya təcrübəsində nadir hallardan biridir ki, milli valyuta pul nişanlarımızın hər bir əskinasının dizaynı müvafiq qəpiyin dizaynına uyğun hazırlanmışdır. Məsələn, 1 manatlıq əskinasın dizayn elementləri olan milli musiqi alətlərimiz 1 qəpiyin, 5 manatın dizayn elementləri 3 qəpiyin üzərində təsvir edilmişdir. 
12. Milli pul nişanlarımızın mühafizə elementləri hansılardır? 
- Milli pul nişanlarımızın mühafizə elementləri xüsusi "mühafizə fəlsəfəsinə" uyğun İsveçrə Milli Bankının texniki dəstəyi vasitəsilə hazırlanmışdır. Qeyd etmək istərdik ki, pulların mühafizə sistemlərinin inkişafına görə İsveçrə Milli Bankı dünyada favorit sayılır və müxtəlif valyutaların pul nişanlarının müqayisəsi zamanı mühafizə nöqteyi-nəzərindən İsveçrə Frankı əskinasları etalon kimi qəbul edilir. Yeni nəsil əskinasların mühafizə sistemi 4 pilləli hazırlanır. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən xüsusi avadanlıqlarla müəyyən edilir. Əsas məqsəd isə yeni əskinasların həqiqiliyinin əhali tərəfindən xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir. 
13. Manatın qrafik işarəsi varmı? 
- Yeni nəsil pul nişanları tərtib edilərkən ilk dəfə olaraq manatın qrafik işarəsi hazırlanmışdır. Qrafik işarə 100 manatlıq əskinasın üz tərəfinin arxa fonunda və su nişanı formasında təsvir olunmuşdur. Qrafik işarə yazışmalar zamanı məbləğlərin ifadə olunmasını xeyli asanlaşdırır. 
14. Manatın beynəlxalq ödəniş sistemlərində abbreviaturası hansıdır? 
- Beynəlxalq yazışmalarda manatın abbreviaturası AZN kimi yazılır. Eyni zamanda qeyd etmək lazımdır ki, köhnə nəsil pul nişanlarının abbreviaturası AZM olmuşdur. 
15. Xatirə pul nişanları nədir və necə əldə etmək olar? 
- Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 1996-cı ildən etibarən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır. Yubiley və xatirə pul nişanları barədə məlumatlar, o cümlədən satışda olan yubiley və xatirə pul nişanları və onların satış qiymətləri barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilir. Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq sifariş edə, eləcə də Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində yerləşən kassalarına müraciət edərək əldə edə bilərlər. 

Fraza juralı,
Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top