Vətən Müharibəsində şəhid olan qardaşlar – FOTOLAR


Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün 27 sentyabrda başlayan Vətən müharibəsi tarixə qızıl hərflərlə yazıldı. 44 gündən sonra Rəşadətli Ordumuz, iğid oğullarımızın göstərdiyi şücaət sayəsində ağ bayraq qaldıran düşmən öz məğlubiyyətini açıq şəkildə bütün dünyaya göstərdi və uzun illərdir işğal altında olan ərazilər həqiqi sahiblərinə qayıtdı. Təbii ki, Azərbaycan xalqı olaraq bu qələbəni torpaqlarımızı canı, qanı ilə alan Şəhidlərimizə borcluyuq. Şəhidlərimiz arasında eyni gündə, eyni saatda dünyaya göz açan və eyni vaxtda gözlərini əbədi yuman qardaşlar da oldu.

Yeniavaz.com
Vətən müharibəsində şəhid olan qardaşlar barədə yazını təqdim edir:

Altay Mövlanov və Elgün Mövlanov – Əslən Lerikdən olan qardaşlar Vətən müharibəsində qəhrəmanlıqları ilə seçilibər. Elgün sentyabrın 30-da, Altay isə oktyabrın 30-da - anasının ad günündə şəhid olub. İkisi də icazə alıb ad gününə gələcəkdilər, amma onlara gəlmək yox, şəhidlik zirvəsi qismət olub. 18 yaşlı Elgün Mövlanov ölümündən sonra "Vətən uğrunda", 20 yaşlı Altay Mövlanov isə ölümündən sonra "Füzulinin azad olunmasına görə" və “Vətən uğrunda” medalı ilə təltif ediliblər. 
Qeyd edək ki, şəhid qardaşlar bir vaxt adı ilə hamının yaddaşında iz qoyan və ümummilli lider Heydər Əliyevin dostu Xanış Şahıyevin nəvələridir. Onların əmiləri Camal və Hüseyn Şahiyevlər Birinci Qarabağ müharibəsində şəhid olublar. Altay və Elgünün atası isə Birinci Qarabağ müharibəsi vaxtı gözlərindən yaralanıb.
Allah rəhmət eləsin!


Əli Əhmədov və İslam Əhmədov – Mingəçevirdən olan qardaşlar  II Qarabağ müharibəsinin ilk günlərindən, Füzulinin azadlığı uğrunda  gedən döyüşlərdə iştirak ediblər. Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə isə eyni gündə şəhidlik zirvəsinə ucalıblar. Qardaşların anası Sevinc Əhmədovanın sözlərinə görə, əvvəlcə Əli, daha sonra İslam şəhid olub. Əhmədov qardaşları göstərdikləri şücaətə görə ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər. 
Qeyd edəki ki, eyni gündə şəhid olan qardaşlar daha öncə də medallarla təltif ediliblər. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan İslam daha öncə də iki medalla, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” medalı, Əli isə "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı ilə təltif edilib. 


İman Məmmədzadə və Bəhrəm Məmmədzadə – Vətən Müharibəsində şəhid olan qardaşlar sentyabrın 27-dən müharibədə olublar və döyüşlərə Füzuli rayonunda başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad edilməsində iştirak ediblər. Son döyüşləri isə Xankəndi uğrunda olub. Hər ikisi  noyabrın 1-də eyni anda, Qırmızı Bazar döyüşləri zamanı şəhid olublar. Məlumata görə, müharibə zamanı qardaşlara birinin arxa, birinin isə ön cəbhədə qalması təklif edilib. Lakin, hər iki qardaş bu təklifdən imtina edib. Daha sonra onlara xəbərdarlıq edilib ki, hər ikiniz arxa cəbhədə qala bilərsiz. Bu təklifdən də imtina ediblər. Aralarında iki yaş fərq olsa da, hər kəs onları əkiz qardaşlar kimi tanıyırdı. Elə onlar özləri də əkizlər kimi bir-birilərini heç zaman tək qoymurdular. Hər yerə birlikdə gedirdilər, məhz bu döyüşlərdəki kimi... 22 yaşlı İman və 20 yaşlı Bəhrəm göstərdikləri şücaətə görə ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər.


Allahverdiyev Nazir və Allahverdiyev Tacir
– İyirmi il əvvəl Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gəliblər. Qardaşlar ikisi də döyüşlərdə topçu olub, düşmən qüvvələrini darmadağın ediblər. Nazir və Tacir evin son beşiyi diilər və hər ikisi subay idi.


Şəhid olan qardaşlardan biri də İntiqam Əsgərov və Nurlan Əsgərov qardaşlarıdır. Masallı rayonundan olan qardaşlardan biri , İntiqam Vətən Müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə, Nurlan isə “Aprel döyüşlərində” şəhid olub. Hər ikisi XTQ-nin giziri idi. Aprel döyüşlərində Nurlanın cansız bədənini döyüş meydanından qardaşı İntiqam çıxarmışdı. 


Musa Həsənov və Tural Həsənov
– Əslən Mingəçevirdən olan qardaşlar müharibədə könüllü olaraq iştirak ediblər. Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüşlərə qatılıblar. İlk olaraq Musanın şəhid xəbəri gəlib və 5 noyabrda Şəhidlər Xiyabanında dəfn edilib. Musanın 25 yaşı vardı və iki qız atası idi. Qardaşı Turalla isə sentyabrın 30-dan sonra əlaqə saxlamaq mümkün olmur. 69 gündən sonra onun şəhidliyi təsdiqlənir, dekabrın 9-da isə dəfn edilir.  26 yaşlı Tural da ailəli idi və iki oğul atasıydı. Hər iki qardaş göstərdikləri şücaətə görə ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top