"Hərbi geyimdə, özünü qazi kimi göstərib insanları aldadır" – İDDİA + VİDEO


Sosial şəbəkələrdə Yasamal rayonu, Landau küçəsində bir nəfərin özünü qazi kimi təqdim edib insanlardan pul alması ilə bağlı video yayılıb.
Yeniavaz.com
xəbər verir ki, videonu çəkən şəxs özünün də aldanaraq 20 manat pul verdiyini iddia edib: 
“Burada yerləşən Kapital Bankın yanında hər gün əsgər geyimində bir nəfər dayanır. Telefonla danışanda yalandan deyir ki, guya yolda qalıb və hamıdan 20-30 manat pul alır. Əsgər paltarında olduğuna görə, hər kəs hörmət edir amma o, onları dolandırır. Bu hadisə 4-5 gün əvvəl olub və həmin şəxs hələ də burdadır. Aidiyyatı qurumlar bununla bağlı araşdırma aparsınlar. Hətta bunlar iki nəfərdilər və əlbir işləyirlər”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin qərarına əsasən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top