"Tərtər hadisələri" zamanı vətənə xəyanətdə ittiham edilərək həbs edilən şəxslərin ailələri Prezident Administrasiyası qarşısında aksiya keçirib.
Yeniavaz.com “Açıq Azərbaycan”a istinadən xəbər verir ki, aksiyada iştirak edən jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yoldaşının günahsız yerə həbs edildiyini bildirib. O, P.Aslanovun bəraət qazanmasını tələb edib:
“Yoldaşım 44 kq çəkisi ilə aclıq edir, Əfqan Sadıqovun 52 kq çəkisi qalıb. Onlar 90 gündən çoxdur ki, aclıq aksiyası keçirirlər. Bu qədər haqsızlıq olmaz. Ortaya fakt, sübut qoyun ondan sona həbs edin! Tərtər hadisələrində birinə 10 gün işgəncə verib, öldürüb daha sonra bəraət vermisiniz. Sanki bir qarışqa öldürmüsünüz. Eləcə də digər günahsız siyasi məhbusların işini belə aparmısınız”.
Məlumat üçün bildirək ki, 4 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist Polad Aslanovun şikayətinə baxış keçirilib. Məhkəmə prosesi açıq keçirilsə də media nümayəndələri iclas zalına buraxılmayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalist Cinayət məcəlləsinin dövlətə xəyanət maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi bildirilib.