Şirin portağal ağacım - Kitab afişası


Bir gün şagird müəlliminə gileylənir: "Dünən bir kitab oxudum, ancaq yadımda heç nə qalmadı. Elə isə oxumağın mənə nə faydası var?" Müəllimi ona bir xurma verir və: "Bu xurmanı ye", - deyir. Şagird yeyir. Müəllimi soruşur: "Bax, sən indi böyüdün?" Şagird təəccüblə cavab verir ki, əlbəttə, yox. Müəllim: "Düzdür, böyümədin. Ancaq o xurma sənin bədəninin hər bir hüceyrəsinə yayıldı, sənə ət oldu, sümük oldu, qan oldu, dəri oldu, bədənin ondan enerji aldı". Oxuduğumuz kitablar da dünyagörüşümüzü formalaşdırır, söz ehtiyatımızı zənginləşdirir, savadımızı artırır, əxlaqımızı gözəlləşdirir, bizə həyat dərsi verərək, seçimlərimizi istiqamətləndirir. 
Bəli, indi də hər birimizə ət-qan olacaq çox maraqlı bir kitab haqqında danışmaq istəyirəm. Dünyada "bestseller" olmuş Joze Mauru di Vaskonselosun "Şirin protağal ağacım" kitabı haqqında... Əsər artıq bir neçə ildir ki, orijinalından tərcümə edilmiş və azərbaycanlı oxuculara təqdim olunmuşdur. 
Əsərin qəhrəmanı çoxuşaqlı ailənin 5 yaşlı övladı Zezedir. Atası aylarla işləmədiyi üçün onsuz da pis olan ailənin vəziyyəti daha da pisləşir, yaşadıqları evdən köçməli olurlar. Ailə başçısı işləmədiyi üçün Zezenin anası daha çox işləyir, daim məşğul və yorğun olur. Ailəsinə, övladlarına vaxt ayıra bilmir. 
Qonşularının "şeytan" adlandırdığı Zeze dəcəl, sözə baxmayan, pis söz danışmağa vərdiş edən, lakin çox ağıllı uşaqdır. Tam nəzarətsiz, sevgisiz qalan Zeze özündən kiçik qardaşı Luisi himayə edir, onu qoruyur, əyləndirir. 5 yaşında oxumağı bacararaq, hər kəsi təəccübləndirən Zezenin xəyal dünyası isə sərhəd tanımır. Onu heç kəs başa düşmədiyimə görə həyətlərindəki portağal fidanı - Minque ilə dostluq edir, onunla sirlərini, arzularını, xəyallarını bölüşür. Hər kəs tərəfindən danlanan, döyülən Zezenin qəlbi yaşından qat-qat böyükdür. Yeni il günü atası işləmədiyi üçün Zeze Milad hədiyyəsi ala bilmir. Uşaq qəlbi ilə ağlayır, üsyan edir. Lakin səhvini tez başa düşür və bütün bir günü ayaqqabı boyayaraq qazandığı pulla atasının könlünü almaq üçün Milad hədiyyəsi kimi ona ən bahalı siqarı alır. 
Yoxsulluq bu ailədə nəsildən-nəsilə keçmiş tək mirasdır. Zezenin anası hələ 6 yaşında ikən işləməyə başlayır və məktəbə getmədiyi üçün nə oxuya, nə də yaza bilir. 
Övladlarına öyrədə bildiyi tək şey "əlindəki yoxsulluğu özündən daha yoxsullarla paylaşmaq"dır. Zeze bu tərbiyənin sahibidir. Məktəbdə öz fərqli düşüncəsi, günəş kimi aydın qəlbi ilə yaşlı və gözəl olmayan müəlliməsinin sevgisini qazanır. Bəlkə də, ömrü boyu gül hədiyyəsi almayan yaşlı qadının masasındakı güldanı çiçəksiz qoymur. Özü bir qarnı ac, bir qarnı tox olsa da, yeməyini özündən daha da yoxsul olan başqa məktəb yoldaşı ilə bölüşür. 
Özü cılız, ağlı və ürəyi isə böyük olan Zeze ondan qat-qat yaşlı olan, əvvəl ən qatı düşməni hesab etdiyi Portuqa adlı varlı birisi ilə dostluq edir. Bu dostluq onların ən böyük sirridir. Portuqa ona ailəsində görmədiyi sevgini, nəvazişi, hörməti göstərir, onun qayğısına qalır, problemləri ilə maraqlanır, ona hədiyyələr alır, maşınında gəzdirir... Zeze gəzintilərin birində dostuna deyir: "Həqiqi sevginin nə olduğunu kəşf edəndən bəri bütün sevdiklərimi sevgiyə qərq edirəm". Bütün şıltaqlıqlarına, şuluqluqlarına baxmayaraq Zezeyə ürəyimiz ağrımaya bilmir. 
Zeze dostunun sayəsində bütün pis vərdişlərini tərgidərək, ondan tələb olunan kimi ağıllı uşaq olmağa çalışır. Hətta, öz ailəsindən ayrılıb dostunun himayəsində yaşamaq üçün ona yalvarır. Bu istəyin səbəbi isə varlı həyat deyil, sevgidir. Lakin xoşbəxt günlərin ömrü çox az olur, Portuqanı itirməklə Zeze həyatının ən böyük itkisini yaşayır. Portağal ağacının kəsilmək xəbəri isə onun yarasına duz-bibər olur. Zeze bir günün içində böyüyür, günlərlə xəstə yatır və hətta, qocalır. 
"İndi ağrının nə olduğunu həqiqətən bilirəm. Bu, ayağını bir şüşə parçası ilə kəsmək və ya aptekdə tikiş atdırmaq deyil. Ağrı insanın onunla birgə ölməli olduğu şeydir. Qollarında zərrə qədər güc buraxmayan, yastıqda başını bir yandan o biri yana döndərmək cəsarətini belə yox edən bir şeydir". 
Müəllif yazır: "Böyüklərin problemlərini başa düşürsənsə, deməli, uşaq deyilsən". Bəli, Zeze uşaq deyildi, yaşından çox acı çəkmiş, yaşından çox görmüş, yaşadıqları onu yaşından tez böyütmüşdü. Əsəri oxumaqla ondan sevgi, dostluq, sədaqət, mərhəmət, cəsarət dərsləri ala bilərik. 
Əslində, roman avtobioqrafik xarakter daşıyır. Çünki böyük şair olmaq istəyən Zeze müəllif Vaskonselosun özüdür. Vaskonselos "iyirmi ildən çox idi ki, ürəyimdə gəzdirirdim" dediyi bu romanı cəmi 12 günə yazmışdır. Əsərin sadə dili, axıcı süjet xətti və mövzusunun orijinallığı ona geniş oxucu kütləsi qazandırmış və əsər 24 dilə tərcümə edilmişdir. Əsər portuqalcadan dilimizə Əfqan Xəlilli tərəfindən tərcümə edilmişdir. Əsər əsasında eyniadlı film də çəkilmişdir...  

Tükəzban Məmmədli
Fraza Jurnalı

DİGƏR XƏBƏRLƏR

Top