Sülhməramlıların Qarabağda atış təlimi ilə bağlı hərbi ekspertdən AÇIQLAMA


Bu gün Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı qüvvələrin Xankəndidə döyüş bacarıqlarının yaxşılaşdırılması istiqamətində təlimlər keçdiyini açıqlayıb. Təlim zamanı BMP-lərdən, pülemyotlardan istifadə olunub. Azərbaycan torpaqlarında Rusiya sülhməramlılarının döyüş bacarıqlarının yaxşılaşdırılması ilə bağlı atdığı addımlara münasibət bildirməsi üçün ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovla əlaqə saxladıq.
Şair Ramaldanov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sülhməramlılar da hərbi qurum kimi harada olur olsun öz döyüş bacarığını yüksəltməlidir:
"Sülhməramlı qüvvələrin fəaliyyəti hansısa yolda, bölgədə dayanıb, müşahidə etməklə məhdudlaşmır. Onlar orada öz funksiyalarını yerinə yetirmək üçün təlimlər keçməlidir. Ərazidə baş verə biləcək hansısa təxribatların ssenarisini hazırlayıb orada atışlar da aparmalıdır. Əgər onlara silah verilibsə demək ki, silahdan istifadə edə bilərlər. Ona görə burada təəccüblü bir şey yoxdur. Sülhməramlılar döyüş hazırlıqlarına uyğun olaraq, məşğələlər də təlimlər də xüsusi taktiki təlimlər də keçirməlidirlər. Orada müxtəlif hərbi sahədə olan ixtisasçılar, özlərinə aid olan sahədə öz bacarıqlarını artırmaq üçün, xüsusi taktiki məşğələlər keçirməlidirlər”. 
Hərbi ekspert bildirdi ki, sülhməramlı qüvvələrin başqa bir ölkə ərazisindəki fəaliyyəti qarşılıqlı razılaşmalar əsasında aparılır:
“Rusiya sülhməramlı qüvvələri 5 il Azərbaycan ərazisində xidmət edəcəklər, onlar bu müddət ərzində heç bir hərbi təlimlə məşğul olmadan dayanası deyillər. Onlar bir döyüşçü kimi öz vəzifələrini yerinə yetirmək üçün həm silahdan həm texnikadan istifadə etməyi bilməlidirlər, döyüş hazırlıqlarını artırmalıdırlar. Onlar Azərbaycana özləri gəlməyib. Onların gəlməsi ilə bağlı müəyyən razılıqlar əldə olunub. Onlar hansı dövlətin ərazisində fəaliyyət aparırsa, orada olan tapşırıqlar baxımından qarşılıqlar razılaşmalar əldə olunur. Onların hansı silahla silahlanması, hansı texnikalardan istifadə etməsi də razılıqla həyata keçirilir”.

DİGƏR XƏBƏRLƏR

Top