DSMF-ni məhkəməyə verənlər qarşılarında tanınmış vəkili görəcəklər – 185 min manatlıq ANLAŞMA


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi tanınmış hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun qanuni təmsilçisi olduğu “Əkrəm Həsənov və partnyorları” MMC olub.
“Əkrəm Həsənov və partnyorları” MMC pensiya, sosial sığorta və sosial müavinət məslələri üzrə bütün instansiya məhkəmələrində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini təmsil edəcək.
Əkrəm Həsənovun qanuni təmsilçisi olduğu MMC Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini ümumilikdə 650 iş üzrə məhkəmələrdə müdafə edəcək. MMC bu iş üçün DSMF-dən 184 min 983 manat 88 qəpik alacaq. Əkrəm Həsənovun şirkəti iştirak etdiyi hər məhkəmə prosesinə görə DSMF-dən 285 manat alacaq.
Məlumat üçün onu da bildirək ki, daha əvvəl də “Əkrəm Həsənov və partnyorları” MMC Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən keçirilən tender müsabiqəlrinin qalibi olub. 2019-cu ilin dekabr ayında MMC DSMF-ni ümumilikdə 638 iş üzrə məhkəmələrdə müdafə etmək üçün qurumdan 185 min 300 manat alıb. Yəni, hər məhkəmə prosesinə görə DSMF-dən 290 manat alacaq.
Ötən ilin sentyabr ayında isə Əkrəm Həsənov və partnyorları”  DSMF-ni ümumilikdə 189 iş üzrə məhkəmələrdə müdafə etmək üçün qurumdan 45 min 200 manat alıb (hər məhkəmə prosesinə görə 240 manat).
Qeyd edək ki, “Əkrəm Həsənov və partnyorları” MMC 22.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Nizami, ev 129E, məhəllə 705-də yerləşən MMC-nin nizamnamə kapitalı 1000 manatdır.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top