“Aprel ayının sonunadək Laçın və ya Kəlbəcər ərazisində də beynəlxalq hava limanının tikintisi ilə bağlı layihələr həyata keçiriləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu REAL TV-yə AZAL-ın vitse-prezidenti Etibar Hüseynov bildirib. O qeyd edib ki, hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır:
“Ali Baş Komandanın müvafiq tapşırığı ilə işğaldan azad olunan ərazilərdə bir sıra layihələr həyata keçirilir. Bunlardan biri də beynəlxalq hava limanlarının işğaldan azad edilən ərazilərdə tikilməsi ilə bağlıdır. Hal-hazırda Füzuli beynəlxalq hava limanı tikintisinin ərazisindəyik və aeroportun tikintisi davam edir. Hava limanının uçuş-enmə zolağının bu ilin sonunadək istismara veriləcəyi gözlənilir. Layihəyə aerovağzal binası, uzunluğu 3 min, eni 45 metrlik asfalt-beton örtüklü uçuş-enmə zolağı, sahəsi 60 min kv metr olan perron (təyyarələrin dayanması üçün olan yer) və 6500 kv metr olan yönəldici yol, 120 avtomobilin dayana biləcəyi və ümumi sahəsi 5 min kv metr olan giriş yol daxildir. Hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır.
250 min kv metr ərazinin təmizlənmə işi yekunlaşan kimi uçuş-enmə zolağının tikintisini bu sahədə böyük təcrübəsi olan "AzVirt” MMC həyata keçirəcək. Hazırda uçuş-enmə zolağının özülünün qoyulması üçün torpaq yataqları çıxarılır. Əlavə olaraq lazımi avadanlıqların alınması üçün xarici ölkələrlə müqavilələr bağlanıb. Uçuşların təhlükəsizliyini təmin etmək üçün naviqasiya qurğuları, işıq-siqnal sistemləri, meteo avadanlıqları il ərzində alınacaq və ilin sonuna qədər istismara veriləcək”.