Şəhid Ülvi Qulamlının anası: “Hər gün oğlumun şəklinə baxıb söhbət edirəm”


Belə bir deyim var şəhid qanı axmayan torpaqdan vətən olmaz. Onlar düşmən  qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid oldular.  Şəhidlik ünvanı əbədiyyət olan zirvədir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Mingəçevirli Qulamlı Ülvi Şahin oğludur.
Bu günlərdə şəhidin anası Qulamlı İradə ilə həmsöhbət olduq.
Yeniavaz.com
xəbər verir ki O, Ülvi haqqında qürurla danışaraq çox çətinliyə iki oğul böyütdüyünü bildirdi:
”Həyat yoldaşımı tez itirdik. Yoldaşım fotoqraf idi. Şəhərdə onu fotoqraf Şahin kimi tanıyırdılar. O rəhmətə gedəndən sonra iki oğlumla tək-tənha qaldıq. Amma şükürlər olsun uşaqlar böyüdü. Dedim Ülvi,Yaşasın kimi oğullarım var hamıdan varlıyıq. Onlar böyük, kiçik yeri bilən gözəl xasiyyətə malik,s akit təbiətli uşaqlar idi. Ülviyə tanışlar,qonşular arasında olan münasibət məni həmişə qürurlandırıdı. Övladlarıma tək baxıb böyütdüm. Ülvi 1994 cü ildə anadan olmuşdu. Əsgərlik xidmətini başa vurduqdan sonra şəhərimizdəki avtovağzalda işə düzəldi. Əmək haqqı az olduğuna görə bir müddətdən sonra oradan ayrılıb MAXE (müddətdən artıq həqiqi hərbi xidmət edən ) kimi orduya yazıldı. 2 il idi ki N saylı hərbi hissədə qulluq edirdi. Müharibə başlayanda səfərbərliklə ikinci oğlumu da müharibəyə apardılar.Çox narahat olurdum övladlarım üçün. Ülvi tez-tez zəng edirdi. Mənə ən qabaqda olduğunu deyirdi. Çox ürəkli danışırdı. Hərdən özüm-özümə deyirdim ki, sakit təbiətli Ülvi nə yaman şir ürəkli olub. Mən də ürəklənirdim ki,oğlum belə ürəklidi. Özü namaz əhli olub. Həmişə ibadətlə də məşğul olurdu. Çalışırdı ki, gənc ömrü ilə ailənin bütün qayğılarını öz üzərinə çəksin.Oğlum həm də vətən sevdalısı idi.Həmişə deyərdi ki, bircə torpaqlarımızın azad olunduğu günü görə biləydik. 26 yaşlı gənc, nə yaşamışdı ki? Bu körpə yaşında, bu körpə vaxtında namusumuzu, izzətimizi, şərəf və heysiyyətimizi qorumaq üçün canından belə keçməyə hazır idi. Hərdən mənə deyərdi ki, ana, evlənmək üçün qızı sən seçərsən, abırlı ismətli olsun. Çox arzuları vardı Ülvimin. Onun da qismətinə şəhidlik yazıldı. Suqovuşan,Talış, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid oldu. Hər gün şəkillərinin qarşısında durub onunla söhbət edirəm. Heç oğlum Yaşasın da mənə təsəlli verə bilmir. Yaşasın da müharibədə idi. Ülvi şəhid olandan sonra onu ordudan təxris elədilər. Şəhid olmazdan bir neçə gün əvvəl Ülvi evə gəlmişdi. Çox kədərli idi. Deyirdi bütün yoldaşlarım şəhid olub yaşamağa utanıram. Amma yenə də bizə ürək dirək verib getdi. Orta məktəbi də yaxşı oxuyurdu. Mingəçevir 13 saylı məktəbin məzunu olub”.
Qeyd edək ki, Ülvi “Vətən uğrunda”medalı ilə təltif olunub. Amma həmçinin bildirdi ki, oğlu Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub və Ülviyə buna görə də ad verilsin.
Şəhid anası son olaraq qeyd etdi ki, “Yaşat” fondu və digər sosial qurumlardan onun yanına gələnlər olsa da hələlik bir problemi öz həllini tapmayıb.

Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top