Vətən Müharibəsi qazisi: “İgid qardaşım qollarımda şəhidlik zirvəsinə ucaldı” - FOTOLAR


"Sentyabrın 21-i məni artıq səfərbərliklə ordu sıralarına çağırmışdılar. Bu çağrışa çox sevindim. Çünki könüllü olaraq döyüşlərdə iştirak üçün müraciət etmişdim. Az müddət təlim gördükdən sonra sentyabırın 27-də Cəbrayıl istiqamətində tabor komandirim olan, Vətən Müharibəsi Qəhramanı, şəhid Cavid Mahmudovun əsgəri olaraq döyüşlərə qatıldım. Cəsur və mərd döyüş yoldaşlarımla düşmənə ağır zərbələr vurduq. Onlar bu acını illər keçdikcə dərk edəcəklər".
Bu sözləri Vətən Müharibəsi qazilərindən Muradov Emin Tahir oğlu keçdiyi döyüş yolu haqqında Yeniavaz.com-a danışarkən deyib. O bildirib ki, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib:
“İnanın bəzən heç yemək, su olmurdu. Amma bu məni və döyüşçü qardaşlarımı yormurdu. Hamımızın bir istəyi amalı vardı - biz qalib olmalıyıq! Mənfur düşmən yaralı əsgərlərini, cəsədlərini qoyub qaçırdı. Bir ömür boyu unutmayacağım hadisələr yaşadım. Füzuli istiqmətində qızğın doyüşlər zamanı, bölük komandirimiz, baş-leytenant Kərimov Sənan qəhramancasına şəhid oldu. Çox təsirli və kədərli idi. Daha sonra mənim igid qardaşım Niftizadə Niyamin Xaliq oğlu qollarımda şəhidlik zirvəsinə ucaldı. Onun sifətindəki son təbəssümünü heç zaman unutmaq mümkün deyil. İgid qardaşımın ən böyük arzusu Şuşanın azad olunmasında iştirak etmək idi. Çox təəssüf ki, nəsib olmadı. Onun arzusunu mən həyata keçirtdim və Şuşa uğrunda gedən döyüşlərdə şəhid qardaşımın qisasını aldım.

Şuşa uğrunda gedən döyülərdə meşədə mühasirəyə düşdük və bu mühasirəni yardıq. Onlarla erməninin həyatına son verdik. Bu döyüşlər zamanı mən ayağımdan güllə yarası aldım. Hər iki sümüyüm qırıldı. Sağ olsun, bölük komandirim, baş-leytenant Ələkbərli Nizami və tabor komandirim polkovnik-leytenant Rövşən Cəbiyev məni iki gün çətinlik çəkərək o bölgədən çıxartdılar. Bölük komandirim və əsgər yoldaşlarım ilk öncə məni çiyinlərində  yamac yuxarı daşıdılar, hansı ki, bizə o istiqamətə irəliləməyimiz üçün tapşırıq gəlmişdi. Bu vaxt ermənilər meşənin içinə kasetli bomba atdılar. Çox çətin anlar yaşanırdı. Biz orada 20 nəfər idik. Şükür, o bombadan zərər görmədik. Əsgər yoldaşlarım ağaclardan mənə xərək düzəltmişdilər və növbə ilə məni xərəkdə aparırdılar. Çox çətin relyef var idi. Yollar şaxələnirdi. Dostlarım məni sanitar bölgəyə çatdırmalı və yenidən əsgərlərə təminat aparmalı idilər. Bölük komandirim və tabor komandirim əsir düşməməyim və yolu düzgün təyin etmək üçün əvvəlcə məni moruq kollarının içində gizlədir, 50-100 metr irəliləyib yolu təyin etdikdən sonra gəlib məni moruq kollarının içindən çıxarıb daşıyırdılar. Bu zülm əziyyətlə sonunda Füzuli xəstəxanasına, oradan da Bakıya gəldim. Bakıda məni əməliyyat etdilər.  Müharibədə günlər, dəqiqələr daha dəyərli olur. Ondan da dəyərlisi orada qazandığımız dostlarımız oldu.

Çox igidlərimiz müharibədə bədəninin bir parçasını qoyaraq, evinə-əzizlərinin yanına əlsiz, qolsuz, ayaqsız, gözsüz dönərək qazi oldu. Neçə min ananın övlad acısından ürəyi dağlandı, ataların beli büküldü. Ancaq yuvası dağılan da, övladı şəhid, qazi olan da acısını qəlbinə gömdü, atalar, analar başlarını dik tutub qürurla “Vətən sağ olsun” dedilər. Bax, budur böyüklük, ucalıq, qəhrəmanlıq. Bu birlik, bu dəyərlər – Vətəni, torpağı övladından da əziz tutmaq, Vətən üçün övlad böyütmək, lazım gələndə bu uğurda ən əziz varlığından – övladından belə keçmək bizi böyük qələbəyə apardı. Böyük qələbəmizin təməlində məhz xalq olaraq bu birliyimiz, milli-ali dəyərlərimiz dayanır”.
Qazi Muradov Emin “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


DİGƏR XƏBƏRLƏR

Top