Sinqapurlu yeniyetmə Yeni Zelandiyada törədilən terror aktını təkrarlamaq istəyib


Sinqapurda iki məscidə hücum planı hazırlayan 16 yaşlı yeniyetmə həbs olunub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, həmin yeniyetmənin məqsədi 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidə edilən hücumu yeniləmək olub. Məlumatda yeniyetmənin Kraystçerçdə məscidə hücum edən Brenton Tarrantdan təsirləndiyi ifadə edilir.
Onun məqsədi məsciddəkiləri bıçaqlamaq və hücumu canlı yayımla göstərmək olub. Şübhəli Daxili Təhlükəsizlik Qanunlarına əsasən məhkəməsiz həbs olunub. O, məhkəməsiz həbs olunan ən gənc adam kimi qeydə alınıb. Həmin şəxsin adı açıqlanmayıb. O, terror hücumlarının və zorakı cinayətlərin nadir hallarda baş verdiyi Sinqapurda həddindən artıq sağçı ideologiyanın təsiri altında bir cinayətə cəhd edən ilk məhbus kimi qeydə alınıb.
Sinqapur Daxili İşlər Nazirliyinin məlumatına əsasən, islam dininə nifrət edən şübhəli cinayətin tarixini Yeni Zelandiyada məscidə edilən basqın gününə salmaq istəyib. O, sürücülük vəsiqəsi olmadığı üçün atasının kredit kartını oğurlayaraq avtomobil icarəyə götürməyi planlaşdırıb.
Şübhəli hücumu Tarrant kimi tüfənglə həyata keçirmək istədiyini, ancaq ölkədəki sərt silah nəzarəti qanunlarına görə odlu silah ala bilmədiyini, bu səbəbdən də bir süngü əldə etdiyini etiraf edib.
Nazirlik hətta gəncin ölümə belə hazır olduğunu bildirib. Onun dini, psixoloji və sosial yönümlü müalicəyə alınacağı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top