“Bakıda 316 məktəb var, onlardan 308-i ümumtəhsil müəssisəsidir. Karantin rejiminin yumşalması ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 1-dən əyani tədris prosesi başlayacaq”.
Bunu media nümayəndələri üçün “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən onlayn seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, fevralın 1-dən məktəbəqədər qruplar, ibtidai siniflər həftədə 3 dəfə əyani təhsilə keçə biləcəklər, sonrakı 2 həftə ərzində V-IX siniflər barədə qərar qəbul olunacaq: “Bakı məktəblərində monitorinq keçirilib, bütün təhsil müəssisələrinin karantin rejiminə riayət etməsi üçün lazım olan dezinfeksiya vasitələri ilə təmin olunması yoxlanılıb, atılacaq addımlar müəyyənləşib. Noyabrdan aprelə qədər ümumtəhsil müəssisələrində istilik sisteminin yoxlanması, təchizi məsələsi var. Distant təhsil müddətində bu, o qədər də diqqət çəkmirdi, məktəbdə əyani tədris yox idi, fevralın 1-dən mühüm məsələ olduğu üçün monitorinq aparılıb. Cari problemlər aradan qaldırılır. Tədrisin təşkili məsələsi ilə bağlı mövcud qaydaları, qərarları yenidən xatırlatma etmişik, rəhbər və müəllimlər bu qaydalara əsasən tədrisin təşkilinə hazırdırlar. Təcrübələrə əsasən tədris prosesi qurulacaq. Fevralın 1-dən hibrid tədrisi yenidən təşkil edəcəyik, əyani ilə yanaşı, distant forma da davam etdiriləcək.