Əndəlüsdə dəb və modanın simvolu - Ziryab


Ziryab dövrün Paris və ya Nyu-York mövqeyində olan, həmçinin dünyaya dəb və moda baxımından da yön verən Bağdaddan gəlmiş və özü ilə birgə bütün bu dəb və moda ilə bağlı yenilikləri Kordovaya gətirmişdi. II Abdurrahmanın əsas məqsədi Kordova şəhərini Bağdad və Şam şəhərləri kimi böyük bir elm, sənət və mədəniyyət mərkəzi halına gətirmək idi. Bu işdə Ziryabın böyük töhfələrinin olacağını, təbii ki, Əndəlüs Əməvi dövlətinin idarəçiləri çox yaxşı anlayırdılar.
Yeniavaz.com xəbər verir ki, Onun geyim tərzi, istifadə etdiyi ətirlər və şəxsi təmizlik materialları yeni bir üslub və tərzin xəbərçisi idi. Ziryabın bu tərz və üslubu həm Əndəlüsdə, həm də Avropanın digər bölgələrində qəbul edilmiş, başda saray əyan-əşrəfı və aristokrat təbəqə olmaqla geniş kütlələrə yayılmışdı. Pireney yarımadasına şahmat oyununu ilk dəfə gətirən və onun yayılmasına səbəb olan şəxs kimi də Ziryab qəbul edilir. Necə ki, Ziryab Hindistandan gətirdiyi alimlər və astroloqlar vasitəsilə Əndəlüsə şahmatın gəlməsində öncülük etmiş və beləcə insanlar boş vaxtlarında bir araya gələndə beyin gimnastikası ilə məşğul olmuşlar. Əndəlüsə polo idmanını gətirənin də Ziryab olduğu rəvayət edilir.

Ud və şahmatı birlikdə göstərən miniatür
Bəzi araşdırmaçılara görə, Ziryab adı ərəb dilindəki “qara quş” mənasına gələn eyni addan götürülüb. Bu adın ona verilmə səbəbi isə dərisinin əsmər rəngli olduğuna görədir. Bəzi araşdırmaçılara görə, onun adı səsinin saflığı və təmizliyinə görə fars və kürd dillərindəki “qızıl su” mənasına gələn “zerab” ya da “zerav" ismindən götürülüb.
Ziryab Bağdad mədəniyyətindən geniş ölçüdə bəhrələnərək həm musiqidə, həm də ictimai həyatda Əndəlüsə və dolayı yolla Avropaya böyük təsir göstərmişdir. Ziryab 857-ci ildə Kordovada dünyasını dəyişmiş, ondan sonra İbn Baccə, Abbas ibn Firnas, İbn Rüşd kimi musiqi ilə də məşğul elm adamlarına öncüllük etmişdir. Bu mənada Ziryab, İslam mədəniyyəti tarixində diqqətlə öyrənilməli olan bir şəxsdir.
Arxeoloqlar nə üçün belə düşünürdü?
Ziryabın təsiri sadəcə musiqi və mədəniyyət sahəsində olmamışdır. O, müxtəlif elm sahələrində ona aid edilən yeniliklərlə də tanınır. Misal üçün, İspaniyanın şimalında arxeoloji qazıntılar zamanı 200 illik yaşı olan bir Misir manqusunun (Firavunfaresi /Egyptian Mongoose / Herpestes Ichneumon) sümükləri tapılmışdır. Bu siçanabənzər gəmirici növünün miladi VIII əsrdən etibarən müsəlmanlar tərəfindən Şimali Afrikadan Pireney yarımadasına gətirildiyi bilinir. Misir manqusu insan məskənlərindən gəmiricilər və ilanların təmizlənməsi, bu mənada insan məskənlərinin təhlükəsiz hala salınması kimi məqsədlərlə İspaniya torpaqlarına gətirilmişdir. Arxeoloqlar Misir manqusunun buraya gətirilməsi ilə bağlı iki mümkün ssenari üzərində dururlar. Birinci ehtimala görə, Misir manqusu İspaniya torpaqlarına 712-ci ildə Tariq ibn Ziyadla birlikdə Əndəlüsü fəth edən iki əsas komandirdən biri və Əməvi dövlətinin şimali Afrika valisi olan Musa ibn Nusayr tərəfindən gətirilmişdir. Arxeoloqlar Misir manqusunun gəlişi ilə bağlı ikinci ehtimal kimi də 822-ci ildə II Abdurrahmanın dövründə musiqiçi alim və müdrik şəxs Ziryabın bu qitəyə gəlməsi ilə əlaqələndirirlər. Arxeoloqlar Ziryabın həyatı ilə bağlı geniş məlumat verən İbn Həyyanın “Muktəbəs” adlı əsərində iddia etdikləri Misir manqusu ilə bağlı hər hansı dəlil və işarə tapa bilmədiklərinə görə sonralar bu iddialarından vaz keçmişlər. Ancaq burada maraqlı və diqqətə dəyər bir məqam gözdən qaçmamalıdır. Deməli, Ziryabın Əndəlüs İslam mədəniyyətinə və Pireney yarımadasındakı sosial həyatın müxtəlif təbəqələrinə təsiri o qədər güclü olmuşdur ki, arxeoloqlar bu qitəyə bir siçan növünün gətirilməsində belə onun izini axtarmış, burada da Ziryab isminin ola biləcəyini düşünmüşlər.

Ziryab Bağdad musiqi ənənəsinə dərindən bələd olduğu üçün ərəb, kürd, fars və hind musiqisinin motivlərini də çox yaxşı bilirdi. O, sahib olduğu bütün bu muqisi bilgisini özü ilə Əndəlüsə aparmış, şərq musiqisinin motivlərini bundan sonra yaşayacağı Əndəlüs torpaqlarının musiqi tərzi ilə sintez etmişdi. O, bu yeniliklərlə tez bir zamanda bütün Avropada diqqətləri özünə çəkmiş, Fransa, Roma və Avropanın bir çox yerlərindən musiqiçilər gələrək Ziryabdan musiqi dərsləri almışlar. Ziryab onlara özünün inkişaf etdirdiyi udunu öyrədir və bu çalğı aləti Avropada “Lute” (el-ud) adı ilə tanınır. Günümüzdə ingilis dilində “Lute” (Lut) ud deməkdir və bu dildə istifadə edilən “çalğı aləti düzəldən şəxs” mənasındakı "Luthier" sözü də kök olaraq “ud” sözündən gəlir.
İspaniyanın Zaragoza və Kordova şəhərlərində günümüzdə də Ziryab adı ilə bağlı ənənəvi yeməklər və desertlər (xörəkdən sonra verilən yüngül yemək – meyvə, şirniyyat və s.) var. “Zalabia” (jalebia), “taqliyat Ziryab” və “Ziryabi” bunlardan bəziləridir.
Gitaranın əcdadını icad edən şəxs
Ziryabın çaldığı ud alətinin pərdə və tel xüsusiyyətləri Əndəlüsdə musiqi alətlərinin inkişafında yeni bir cığır açmış, ispanların gitara alətini ortaya çıxarmalarına zəmin meydana gətirmişdir. Bu minvalla demək olar ki, Ziryab yeni bir forma və çalar əlavə etdiyi ud aləti ilə əslində günümüz dünyasında ən çox yayılan gitaranın əcdadını ortaya çıxarmışdı. Ziryabın taxta yerinə qartal caynağından düzəldilmiş mizrabı bir əfsanəyə çevirilmişdir. Ziryabın belə bir mizrabla ud çalmasından sonra özünü musiqiçi və sənətkar adlandıran şəxslər ağacdan hazırlanan mizrabdan imtina edərək qartal caynağından hazırlanan mizrabdan istifadə etməyə başlamışlar. Ziryabın Şərq musiqisi ilə xristian Avropa musiqisini sintez edərək ortaya çıxardığı Əndəlüs musiqisi bu gün İspaniyadan dünyaya yayılan Flamenko janrının da əcdadı olduğu ehtimal edilir.
Flamenko janrında var olan mikrotonal keçidlərin onsuz da şərq mənşəli olduğu və şərq musiqi ənənəsinin təsiri ilə formalaşdığı inkar edilməz bir həqiqət olsa da, bunu ilk dəfə başladan şəxsin miladi VIII əsrin birinci yarısında yaşayan Ziryab olma ehtimalı böyükdür. Çünki Ziryabdan əvvəl Əndəlüsdə sistemli bir hala salınmış musiqi ənənəsi yox idi. Ziryab ərəb hərflərindən istifadə edərək musiqi əsərlərinin şərti qrafik işarələrlə yazılmış mətnini, yəni notları ortaya çıxarmış, musiqi nəzəriyyəsi, səs və fonetik təlim metodlarından dərslər keçmişdir. O, yalnız qabiliyyət imtahanından keçənləri özünə tələbə götürürdü. Ötən yazıda qeyd edildiyi kimi, Ziryabın musiqi təhsilində tətbiq etdiyi bu metodlar bu gün də dünyanın bir çox musiqi məktəblərində tətbiq olunur.

Avropada ilk konsevatoriya

II Abdurrahman Əndəlüsün ən böyük musiqiçisi qəbul edilən Zirab üçün Kordova şəhərində musiqi məktəbi açmışdır. Sonraları bu məktəbin eynisi İşbiliyyə (Sevilla), Tuleytula (Toledo), Belensiya (Valencia) və Qranada (Granada) şəhərlərində də qurulmuşdur. Tarixi rəvayətlərə görə, bu məktəblər Əndəlus xilafətinin sonuna qədər fəaliyyət göstərib. Ziryaba ən çox şöhrət qazandıran da elə bu musiqi məktəbləri olmuşdur. Buradan məzun olan tələbələr ölkənin məşhur musiqiçiləri arasında öz yerlərini almışlar.
Qeyd etmək lazımdır ki Ziryab tarix, ədəbiyyat, astronomiya və coğrafiya sahələrində də söz sahibi olan bir alim idi. Kordovadakı Əndəlüs Əməvi dövlətinin sarayı Ziryabın sayəsində rəqibi olan Bağdaddakı Abbasi xilafətinin sarayındakı mədəniyyət və sənət nümunələrini mənimsəyə, özləri üçün nəql etməyə başlamışdılar. Ziryab əndəlüslülərə paltarlarının təmizlənməsi ilə bağlı praktik həll yolları təklif etmiş, bir növ diş pastası ilə dişlərin təmizlənmə yollarını öyrətmişdir.
Kordovada mebel və ev əşyalarının tərzi Ziryabın təsiri ilə mühüm ölçüdə dəyişmiş, mətbəx işləri və süfrəyə yeməklərin gətirilməsi də sənət halına gəlmişdir. Ziryab Əndəlüs mətbəxində böyük dəyişikliklər etmiş və burada məlum olmayan bir çox bitki haqqında geniş məlumat vermişdir. Yemək masalarında örtükdən istifadə etməyi, gündə üç öyün yemək yeməyi, yeməkləri ayrı boşqablarda servis etməyi, içəcəkləri ağır metal qədəhlərdə deyil, şüşə qablarla içmək təklifi də Ziryaba aid idi.
Müəllimini üstələyən sənətçi
Ədib və bioqraf yazıçısı olan Makkarinin (1582-1632) qeyd etdiyinə görə, Ziryab bir musiqiçidə olması gərəkən gözəl səsə, ədəbi dilə və mülayim təbiətə sahib olmaqla yanaşı, bədahətən şeir söyləmək bacarığına da sahib idi. Makkariyə görə, bütün bunları nəzərə alanda Ziryabın öz müəllimi İshaq əl-Məvsilidən daha üstün və istedadlı bir sənətçi olduğu anlaşılır. Ziryabın Əndəlüsdə dəbdəbəli və varlı həyat yaşaması, həmçinin sənətini heç bir maneə ilə üzləşmədən sərbəst şəkildə ifa etməsi şərqdə Abbasilərin hakimiyyəti altında yaşamış musiqiçilərin şeir və mahnılarında da öz əksini tapmışdır.
“Ey xəlifə, buna görə məni qınama”
Ziryabın Kordova şəhərindəki güzəranı və ona verilən üstün dəyəri Bağdaddakı müğənni və musiqişilər xəbər alanda xəlifəyə şikayətlərini bildirməyə başladılar. Abbasi xəlifəsi Məmun bir dəfə Şam şəhərini ziyarət edəndə Əməvi saraylarına gedərək oradakı musiqiçilərə mahnı oxumağı əmr etmişdi. Oradakı müğənni də Abbasi xəlifəsinin önündə Bəni Ümeyyəni (Ümeyyə oğullarını) mədh edən mahnı oxumuş, xəlifə də buna qəzəblənmişdi. Əslində müğənni belə edərək öz şikayətini, xəlifənin qayğısından uzaq qaldıqlarını incə bir formada çatdırmaq istəmişdi. Müğənni belə deyirdi: “Ey xəlifə, buna görə məni qınama. Bəni Ümeyyə Əndəlüsdə Ziryaba və onun sənətinə o qədər dəyər verir ki, hər hansı bir yerə gedəndə yanında ona qulluq edən 100 xidmətçisi olur. Onun mal-mülkü və sahib olduğu torpaqlarından başqa 300000 dinarı var. Ancaq biz burada acından ölürük”. Ziryab, həqiqətən də, böyük bir sərvətin sahibi olmuşdu. O dövrün ən böyük alim və fəqihləri belə bu qədər mal-mülkə sahib deyildilər. Alimlərin fikrincə, din musiqidən çox üstün olsa da, Ziryab din xadimlərindən daha çox qazanırdı. O qədər böyük bir nüfuza sahib idi ki, xəlifənin təyin etdiyi qazi (şəriət hakimi) İbn Səid və dövrün bir çox şairi Ziryabı tərifləyən şeirlər yazırdı.
Ziryab haqqında deyilənlər...
XX əsrin fransız yazıçısı Henry Terress Ziryab haqqında belə deyir: “Bir insan bir cəmiyyətə ancaq bu qədər dərindən təsir edə və onu dəyişdirə bilər”. Ərəb tarixçisi Əl-Məğri isə onun haqqında belə deyir: “Ziryabdan əvvəl və sonra heç kim ömrü boyu bu cür sevgi və heyranlıqla qarşılanmadı”. Atası əndəlüslü (morisko) olan məşhur ərəb tarixçisi İbn Xəldun Ziryab haqqında bu cümlələri işlədir: “Ziryabın təsiri və gücü okeanın nəhəng dalğaları kimi, bütün İspaniyanı və Şimali Afrikanı bürüdü, arxasında ölməz bir miras qoydu”. İngilis yazıçı R. Nikolson etiraf etdi: “Ziryab varlığını əsrlər boyu davam etdirən, həmçinin tarixdə insan ağlı və ruhunun dərinliklərinə enə bilən nadir simalardan biridir”.

Ziryab - İntibah hərəkatının tətikçisi olaraq
Əndəlüs sarayının ən hörmətli sənətkar şəxsiyyətinə çevrilən Ziryab, saraydakı bütün əyləncə, sosial və mədəni fəaliyyətlərin birinci dərəcəli məsul şəxsi idi. Hökmdar şəxsi otağı ilə Ziryabın otağı arasında xüsusi bir qapı açdırmışdı ki, istəyəndə çağırıb ovsunlayan səsi ilə ondan musiqi dinləsin, sehrli barmaqlarla ud simlərinin inləməsinə qulaq assın. Hökmdar bundan əlavə Ziryaba bir malikanə vermiş və aylıq maaş bağlamışdır.
Nəğmələrlə yatıb qalxan, hər gözəl səsdən təsirlənərək ilham alan, gecə-gündüz musiqi ilə məşğul olan Ziryabın yaddaşında 10 mindən çox musiqi bəstəsi olduğu rəvayət edilmişdir. Avropa orta əsr qaranlığında ikən Şərqin Avropaya uzanan körpüsü Əndəlüs və Kordova vasitəsilə maariflənmiş, buradan yayılan işıq ilə aydınlanaraq öz intibah (oyanış) hərəkatını başlatmışdır.
Etnik kimlik məsələsi
Ziryabın etnik kimliyi ilə bağlı bir sıra görüşlər var. Ancaq onu qeyd edək ki, yalnız etnik və bioloji kimlik Ziryabı tanımaq üçün kifayət etməz. Tarixi mənbələrdə onun sosial və mədəni baxımdan bir kürd olduğu qeyd edilsə də Ziryab eyni zamanda bir ərəb, bərbər, əndəlüslü və hətta bir avropalı şəxsiyyətdir. Bir sözlə o və onun kimi simalar bütün insanlığa aid şəxslərdir.
Nəticə yerinə...
Ziryab Abbasilərin zirvədə olduğu dövrdə sadəcə Bağdad təcrübəsini gətirməmiş, həm də Əndəlüs sənətinə yeni bir həyat və yeni bir inkişaf mərhələsi qazandırmışdır. Ziryabın Əndəlüsdə ortaya çıxardığı bir çox yenilik o dövrdə Bağdadın ictimai həyatında adi hal almış və gündəlik istifadə olunan adət-ənənə və yeniliklər idi. Əslində yazı boyunca bütün bunları qeyd edərkən əsas məqsəd günümüzdə Qərbin üstünlüyünü müdafiə edənləri təkzib etmək, ya da Şərqin Qərbə qarşı əzəmətini ön plana çıxarmaq deyil. Burada əsas məqsəd Ziryab faktorunun real təsirini geniş bir perspektivdə təqdim etməyə çalışmaqdır. Bu gün Qərb dünyası Flamenko musiqisi və müasir konservatoriya təlimləri, həmçinin ritorika (Gözəl danışıq, bəlağət və natiqlik sənəti) sahəsində, qastronomiya, moda və daha bir çox sahələrdə Ziryabın izi ilə gedir. Şərq dünyası isə Ziryab kimi yüzlərlə simaya sahibdir və bu simalara sahib çıxmaq lazımdır.
Nəticə olaraq deyə bilərik ki, ayaqlarını musiqi sularına daldıran hər bir musiqiçi, ya da ən azından musiqi tarixi ilə maraqlanan şəxs üçün Ziryab adı böyük bir məktəb və bir çox sahədə yeniliklərə imza atmış novator isim və tarixi simadır.
Nazim Mustafayev

Yazının əvvəlinə BURDAN baxa bilərsiniz

DİGƏR XƏBƏRLƏR

Top