Qazi Vüsal Məmmədli: "Güllə ürəyimin altını dəlib keçmiş və sol qolumu qırmışdı…" - FOTOLAR


44 günlük Vətən müharibəsində 2853 nəfər hərbi qulluqçu həlak olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı 2853 qəhrəmanlıq dastanı qaldı geridə. Onların şücaətləri barədə isə elə onlarla çiyin-çiyinə vuruşan, şəhidlərin qanını yerdə qoymayan qəhrəman qazilərimiz, əsgərlərimiz danışacaq. Həmin qazilərdən biri də Cəbrayıl uğrunda gedən döyüşlər zamanı sinəsindən və qolundan  yaralananan, daha sonra silahdaşları tərəfindən döyüş meydanından çıxarılan Məmmədli Vüsal Şahbəddin oğludur. Müharibə başlayandan orduya can atan Vüsal səfərbərlik elan edildikdən sonra ön cəbhəyə yollanan hərbçilərimizdəndir. 
Müharibə zamanı və döyüş yolu haqqında Yeniavaz.com-a danışan qazimiz bildirir ki, qələbədən başqa yol yox idi:
"Sentyabrın 21-i məni artıq səfərbərliklə ordu sıralarına çağırmışdılar. Getdim, biz hərbi hissədə təlim gördük. Ondan sonra hərbi hissədən bizi Cəbrayıl ərazisinə göndərdilər. İnanın ki, yol boyu xalq bizi döyüşə necə uğurlayırdı, bəzi yerlər var idi ki, bayraqlarla yola düzülüb, bizi salamlayır, bizi yola salırdılar. Dedim ki, Allah-Taala bizi utandırmasın. Allah-Taala bizə elə bir zəfər nəsib etsin ki, eyni cür qarşılanaq. Allaha çox şükür ki, göydə Allah, yerdə xalqımız, bizə elə bir mənəvi dəstək verirdi ki, bu döyüşdə qələbədən başqa yolumuz yox idi”.

Hər qarış uğrunda döyüş gedirdi, hər qarış uğrunda. Bəzən insanlara aşılamaq çətindir. Bunu döyüşən şəxslər daha yaxşı bilir. Hər mövqe uğrunda qan tökülürdü. Tökülən hər damla qan bir qarış torpaq demək idi. Bəzən olurdu ki, 3, 4, 5 gün ailə üzvlərimizlə əlaqə saxlaya bilmirdik. Bu da ailə üzvlərimizdə narahatlıq yaradırdı ki, təbii bir haldır. İnanın ki, onların burada düşündüklərini biz də orada düşünürdük: “Necə xəbər edək ki, yaxşıyıq, yəni salamatıq”. Çünki bilirdik ki, əsasən də qadınlar, bircə saat əlaqə saxlamasaq, bu, onların ağlına min fikir gətirə bilirdi…”.

V. Məmmədli necə yaralanmsından və döyüş yoldaşlarından da danışıb:
“Elə Cəbrayıl ərazisində də yaralanmışam. Oktyabrın 7-si idi. Biz Cəbrayıl rayonu ərazisində irəliləyərkən düşmən snaperinə tuş gəldim. Güllə ürəyimin altını dəlib keçmiş və sol qolumu qırmışdı. Orada bir müddət atəş altında qaldım. Mən əslində çox tez yaralandım, amma həmin qısa müddət ərzində yaddaşıma çox xatirə həkk olundu. Ən əsası isə bu döyüşlərdə  əsgər qardaşlarımın bizlə bərabər qorxmadan döyüşməsini heç vaxt unutmaram. Məkanı cənnət olsun, bizim tabor komandirimiz Vətən Müharibəsi Qəhramanı Cavid Mahmudov biliyi və savadı nəticəsində 200 əsgərin həyatını xilas etdi. Eyni zamanda əsgər dostum Niyamin Niftalızadə Cəbrayıl istiqamətində gedən döyüşlərdə, şücaətinə görə xüsusi olaraq seçilirdi. Qəhrəmancasına şəhid oldu. Tanrım şəhidlərimizin məkanını cənnət etsin. Onların haqqı daim boynumuzdadır”.

Qazimiz bildirir ki, gələcəkdə övladlarının ağrı-acı çəkməməsi üçün öz canını sipər edib:
“Biz sevinməliyik. Sevinməliyik ki, bu tarixi hadisə məhz bizim vaxtımıza düşdü. Bu əvvəl-axır olmalı idi. Biz Qarabağın işğalı ilə biz heç cür barışa bilməzdik. Bu birmənalı idi. Qarabağın işğal faktorunu biz qəbul etməyəcəkdik. Mənim vaxtıma düşməsə, bizim övladlarımızın vaxtına düşəcəkdi. Nə xoşbəxtik ki, bunu biz yaşadıq. Bunun ağrısını da, acısını da biz çəkək, övladlarımıza bu problemi saxlamayaq. Çünki nə qədər şərfəli, nə qədər qürurlu olsa da, bunun ağır tərəfləri də var. Mən yaralandım, mənim canım çəkdi bu ağrını, mənim övladım çəkməsin. Övladlarımıza fərx edəsi yaddaş saxlayaq…”.
Qeyd edək ki, V. Məmmədli Tovuzda baş verən döyüşlər zamanı da könüllü olaraq ordu sıralarına yazılıb. Bundan əlavə olaraq Vüsal 2016-cı ildə baş verən aprel döyüşlərində də fəal iştirak edib.




DİGƏR XƏBƏRLƏR

Top