Qazlaşmanın 100 faiz olduğu bu rayonlarda məktəblər odunla qızdırılır? - MÜƏMMA


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderin qalibi "Alfa İnşaat-S" MMC olub. Bu şirkət 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini 2021-ci il üçün odunla təmin edəcək. Təhsil Nazirliyi 2 640 kub metr odun yanacağı üçün "Alfa İnşaat-S" şirkətinə 196 min 690 manat  ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi odun yanacağının 1 kub metrini 74 manat 50 qəpiyə satın alacaq. 
Məlumat üçün onu da bildirək ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini ötən il "Eldar-2014" MMC odunla təmin edib. 2020-ci ildə Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün "Eldar-2014" MMC şirkətinə 196 min manat 19 qəpik ödəyib (1 kub metrini 81 manata).
Qeyd edək ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəbləri Yevlax, Mingəçevir, Ağdaş və Bərdə rayonlarının ərazisində yerləşir.
Onu da bildirək ki, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin 30 dekabr 2020-ci il tarixində “Azərtac”dövlət xəbər agentliyində yayımlanan açıqlamasında Yevlax rayonu və Mingəçevir şəhərində qazlaşma səviyyəsinin 100 faizə, Bərdə rayonunda isə 97-99 faizə çatdığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top