Müəmmalı sayğac əməliyyatı – Göstərici bir anda necə 300 kubmetr azaldı? – FOTOLAR + VİDEO


Bakı sakininin Qubadakı evinə 5 aydan çoxdur yaşayış olmadığı halda 30 manat qazpulu gəlməsi haqqında xəbər vermişdik.
Sözügedən abonəçi Qurbanov İsmayıl daha sonra Yeniavaz.com-a açıqlama verərək “Azəriqaz” İstehsalat Birliyindən onunla əlaqə saxladıqlarını və məsələnin texniki səhvdən qaynaqlandığını, artıq problemin aradan qaldırıldığını bildirmişdi. O, “səhvən” yazılmış 30 azn dəyərindəki 300 kubmetr qaz sərfiyyatının “Azəriqaz” tərəfindən ödənildiyini bildirmişdi.
Lakin daha sonra “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, ortada heç bir səhvlik və ya texniki xəta yoxdur. Hətta o, “Azəriqaz”ın əməkdaşlarından birinin sözügedən ünvana gedərək abonəçinin qaz sayğacının hazırkı göstəricisinin fotosunu da çəkdiyini bildirdi və həmin fotonu redaksiyamıza təqdim etdi. Fotoda həqiqətən də göstərici Qurbanov İsmayılın iddia etdiyindən 300 kubmetr artıqdır.

C. Səfərovdan istehlakçının uzun müddətdir evdə heç kimin yaşamaması ilə bağlı iddiasını da soruşduq. Mətbuat katibi, abonəçinin yalan danışdığını bildirdi:
“Ola bilsin ki, evə baxdığını dediyi qohumlarından biri qaz sərfiyyatına səbəb olub”.
İstehlakçı İsmayıl Qurbanov isə sayağcın göstəricisinin onun iddia etdiyi kimi 1853 kubmetr olduğunu bildirdi. O bizim xahişimizlə bunu sübut etmək üçün yaxınlarından birini evinə göndərərk sayğacın göstəricisini lentə almasını tələb edib. Kadrlarda göstəricinin həqiqətən də 1852 kubmetr olduğu məlum olub.

İ. Qurbanov həmçinin ona aid 30 azn məbləğindəki borcun “Azəriqaz” tərəfindən ödənildiyini bildirib və sözügedən qəbzi təqdim edib.

Burada maraqlı məqam ortaya çıxıb. Belə ki, İ. Qurbanova məxsus sayğacda eyni gün ərzində 300 kubmetr göstərici azalıb. “Azəriqaz” sayğacdakı sərfiyyatın 2155 kubmetr olduğunu bildirib və buna əsas kimi foto təqdim edib. Abonent isə sayğacdakı hazırkı sərfiyyatın 1853 kubmetr olduğunu bildirib və bunu sübut etmək üçün video lentə alaraq təqdim edib.
Məsələ ilə bağlı bir daha “Azəriqaz”a müraciət etdik. Lakin hələ ki, müraciətimizə cavab verən olmayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup sakin redaksiyamıza müraciət edərək “Azəriqaz” tərəfindən onlara normadan dəfələrlə çox qazpulu yazıldığını iddia etmişdi.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top