“Orda oturublar ki, ciblərini doldursunlar” – Kamran Həsənlidən SƏRT AÇIQLAMA


“Bütün bunlara səbəb isə kanal rəhbərlərinin özlərinin peşəkar olmamasıdır. Onların heç biri peşəkar deyil və ancaq orda oturublar ki, ciblərini doldursunlar”
Yeniavaz.com
xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aparıcı, aktyor Kamran Həsənli deyib. Onun sözlərinə görə televiziyada veriliş aparan adamların əksəriyyəti rəhbərliyə aylıq pul verir:
“Televiziyalarımızda son on ildə elə bir ənənə yaranıb ki, kim rəhbərliyə pul verir, onu efirə aparıcı kimi çıxarırlar. Ona görə də bütün müğənnilər aparıcı olublar. Toylar olanda gəlir yerləri var idi deyə hamısı veriliş aparırdı, indi toylar olmadığı üçün aylıq ödənişi edə bilmədiklərinə görə onların sayı azalıb. Kimin sponsoru,  pulu var, ondan pul alıb efirə çıxarırlar. Hər şey bu qədər sadədir. Bütün bunlara səbəb isə kanal rəhbərlərinin özlərinin peşəkar olmamasıdır. Onların heç biri peşəkar deyil və ancaq orda oturublar ki, ciblərini doldursunlar. Bu adamlar bazar adamlarıdır. İstənilən kanal rəhbərinə veriliş təklif etsəniz, deyəcək ki, sponsorunuz kimdi”.
K.Həsənli deyib ki, buna görə peşəkar aparıcılar efirdən uzaq düşüblər: 
“Əksinə bu gün efirlərdə aparıcılıq edən peşəkarlara maaş vermək lazımdır. Axı onlar da nəyləsə dolanmalıdır. Elə gözünüzün qarşısında peşəkarlarda biri mənəm və neçə ildir kənarda qalmışam. O kağız üzərindəki reytinqlər də pulla verilir. Çünki pulun yarısını reytinq idarəsinə verir və ona belə bir kağız verirlər. Sonra da o, bunu təqdim edib deyir ki, mənim reytinqim çoxdur. Ona görə televiziyalarımız bu gündədir. Bir dənə yaxşı veriliş yoxdur”.
K.Həsənli teleseriallarımızda da oxşar acınacaqlı vəziyyətin olduğunu bildirib:
“Teleseriallarımız da bu gündədir. Kim pul verirsə, onu filmə çəkirlər. Bu gün o adamlar ancaq fikirləşirlər ki, necə pul qazansınlar. Bütün bunlar ümumilikdə milli bəlaya çevrilib. Ölkənin bütün sferalarında bu var, amma televiziya üzdə olduğu üçün o daha yaxşı görünür. Televiziya millətin güzgüsüdür, orda gərək irəliləyiş olsun ki, millət özünə nifrət etməsin. Bizim qələbəmizdən sonra televiziyalarımız dəyişmədi. Yenə həmin yaltaqlıq, yalan, efirə pulla çıxan adamlar orda göründülər. Ona görə də camaat öz televiziyasına nifrət etdikcə, özünə də nifrət etməyə başlayır”.

DİGƏR XƏBƏRLƏR

Top