19 yaşlı şəhidin dostuna dediyi son sözlər: “Sən evin tək övladısan, nəsə olursa qoy mənə olsun” - FOTOLAR


Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də 19 yaşlı Babayev Elvin Əkbər oğludur. O, 28.02.2001 ildə Gəncə şəhərində anadan olub, orta təhsilini Bakıda General Kərim Kərimov adına 8 satylı olan məktəbdə alıb. Elvininin Vətənə sevgisi böyük olduğundan tək arzusu Vətənə xidmət etmək olub, buna görə də sənədlərini Dövlət Sərhəd Akademiyasına vermişdi. Qəbul balı kifayət qədər olmadığına görə, əsgərliyə gedib-gəldikdən sonra yenidən akademiyaya qəbul olmaq istəyirdi. Lakin onun bu arzusu yarım qalır və oktyabrın 2-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olur.
Yeniavaz.com-a danışan şəhidin qardaşı Emil Babayev onun vətənpərvərlik hissinin uşaqlıqdan gəldiyini bildirdi: “Qardaşım mərd, qorxmaz biri idi və hər zaman Vətənimizi təmsil etmək, bayrağımızı uca zirvəyə qaldırmaq istəyirdi. İstədiyinə də nail oldu...Əks-hücum əməliyyatı başlamamışdan əvvəl anama zəng etmişdi. Anam dedi ki, “Elvin özündən müğayət ol sən mənim nəfəsimsən, sənsiz tək qala bilmərəm". Qardaşımda cavab olaraq "Ana mən “canavar” kimi oğlanam, ermənidənmi qorxacam".  Müharibədən 4 gün sonra isə mənimlə danışmışdı. Son sözləri bu oldu: “Artıq evin kişisi sənsən, evdəkilərdən müğayət ol!"
Mən fəxr edirəm ki, qardaşım bayrağımız, Vətənimiz uğrunda canından keçdi. O, Birinci Qarabağ döyüşlərində şəhid olan dayım Elxan Məmmədovun yolu ilə getdi və qisasını aldı. Qardaşım oxuduğumuz məktəbin komandiri idi Nəsimi rayonunda keçirilən bütün  tədbirlədə iştirak etmişdi, hətta and içmişdi ki, canı bahasına olsa da Vətənimizin ərazi bütövlüyünü təmin edəcək. Ən böyük arzusu idmançı olmaq idi. Ondan niyə idmançı olmaq istədiyini soruşduqda, Vətənimizi daha yaxşı təmsil etmək istədiyini deyirdi”.
Emil Babayev 44 günlük müharibədən sonra qardaşının manqa komandiri ilə danışdığını bildirdi: “ O, qardaşım şəhid olmamışdan bir gün əvvəl əsgər yoldaşına dediyi sözü mənə dedi. "Sən ailənin tək övladısan, ananı tək qoyma sığınacaqdan çox çıxma nə lazımdırsa mən edəcəm. Mənim qardaşım var ama sənin anandan başqa heç kimin yoxdur.  Sən evin tək övladısan, nəsə olursa qoy mənə olsun", sözlərini demişdi.  Komandiri Elvinin müharibə vaxtı çox sevincli olduğunu,o şəraitdə belə gülüb, zarafat etdiyini bildirdi”.
Qeyd edək ki, şəhid Elvin Babayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top