Son vaxtlar insanlara "qazpulu" niyə çox gəlir? – "Azəriqaz": "İnsanların dedikləri inandırıcı deyil" – AÇIQLAMA


Smartkart tipli sayğaclar mexaniki elektron tipli sayğaclarla dəyişdirildikdən sonra əhaliyə qaz sərfiyyatı ilə bağlı normadan 1,5-1,7 dəfə daha çox “qazpulu” gəldiyi iddia edilir.
Bu barədə sayğacları dəyişdirilən sakinlərdən bir neçəsi Yeniavaz.com-a müraciət edərək bildiriblər. Sumqayıt şəhər Ceyranbatan bağlar massivində yaşayan Rauf Süleymanov bildirib ki, hətta şikayət üçün getdiyi qaz idarəsində işçilər də, hər kəsin eyni halla üzləşib müraciət etdiyini deyiblər:
“Mən əvvəlki smartkart tipli sayğacı 6 il işlətdim. Ən soyuq aylarda belə 20 qəpikdən hesablanan zaman maksimum 130-150 manat aralığında yazırdı. Amma bu ay mənə 278 manat “qazpulu” gəlib. Getdim qaz idarəsinə rəsmi şəkildə yazılı şikayət etdim. Dedilər ki, 3-15 gün ərzində sizə cavab veriləcək. Orada qaz idarəsinin işçiləri, hətta katibə belə deyirdi ki, “kim şikayətə gəlirsə, təzə sayğacların çox yazdığını bildirir”. Bütün qonşularımız eyni haldan şikayətçidir, hamı deyir ki, çox yazır. Köhnə sayğaca görə mən xeyli pul da ödəmişdim. Gəlib gizlicə söküb aparıblar”.
Jurnalist İlkin Muradov da eyni halın başına gəldiyini bildirib və bununla bağlı “facebook”da yazıb.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, insanların dediyi məsələlər bir az inandırıcı deyil:
“Bu iddialar öz təsdiqini tapa bilmir. Sayğacların hamısı eyni formada işləyir. Sadəcə ödəniş üsulları fərqlidir. Birinin ödəniş üsulu kartla həyata keçirilir, digəri isə mexaniki elektrondur. Bunu onlayn və ya portallar üzərindən ötürmək mümkündür. Amma funksiyaları eynidir, eyni cür sərfiyyatı qeydə almaqla məşğuldurlar.
Sayğaclar ölkəyə gətiriləndə dövlət sərhəddindən keçirilir, gömrük bəyannaməsi olur, müxtəlif orqanların nəzarətində olur, yəni bu bir kilo alma deyil ki, gedib bazardan alıb gətirəsən, heç kimi xəbəri olmaya. Gətirilən sayğacların hamısı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən öz standartlarına uyğun olaraq yoxlanılır. Xüsusi yoxlama üçün elektron lövhələr var, əgər istehsal xətasından bir qədər kənarçıxmalar varsa o sayğac ümumiyyətlə heç istismara buraxılmır. Yəni məsuliyyəti var. Ona görə də insanların dediyi məsələlər bir az inandırıcı deyil”.
Sözügedən iddiaların araşdırılması üçün abonentlərdən bəziləri haqqında məlumatı “Azərqiaz”a təqdim etdik.
C. Səfərov smartkart tipli sayğacların mexaniki elektron tipli sayğaclarla dəyişdirilməsinin səbəbini isə belə açıqladı:
“2019-cu ilin sonunda tenderin nəticələrinə görə, hazırda istismarda gördüyünüz sayğacların istehsalçısı olan Fransanın “Gallus” şirkəti tenderin qalibi olmadı. Qalibi olmamasının səbəblərindən biri də ondan ibarət idi ki, biz bu şirkətin təklif etdiyi bəzi məqamları qaneedici saymadıq. Ən başlıcası isə proqram təminatı ilə bağlı idi. Bu proqram təminatı bizdə yox, şirkətin özündə saxlanılmışdı. Bu da bizim işimizdə müəyyən mənada hardasa çətinliklərə gətirib çıxarırdı. Ona görə də tenderin qalibi bizim şərtlərimizi daha üstün tutan Almaniyanın “Zenner” şirkəti oldu. Bu şirkət sayğacların idarə olunması üçün proqram təminatını Azərbaycana tam şəkildə, bütün detalları ilə verir. Biz onlarla razılığa gəlmişik. 2020-ci ilin əvvəlində həmin şirkətə məxsus 200 sayğac ölkəyə gətirilib. Sınaq mərhələsindədir. Belə bir proqram təminatının yerli şəbəkəyə inteqrasiyası müəyyən qədər vaxt aparır. Təkcə şəbəkəyə inteqrasiyadan söhbət getmir. Burada bütün ödəniş terminallarının sisteminə yerləşdirilməsi, onlayn ödəniş portallarında bunların öz əksini tapması, onların kartlarının ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində oxunuş prosesi də var. Hal-hazırda bu proseslərin son mərhələsindəyik. Yaxın vaxtlarda biz Azərbaycana sifarişi davamlı etməklə yeni smartkart tipli sayğacları gətirəcəyik”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top