Şəhid Hüseynov Əfsun Mətləb oğlu Vətən Müharibəsi başladıqdan 3 gün sonra – oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanıb.
Bu barədə Yeniavaz.com-a şəhidin yaxınları məlumat verib. Bildirilib ki, şəhidin atası Mətləb Hüseynov da I Qarabağ müharibəsinin könüllülərindən olub:
“Ə. Hüseynov 1999-cu il mart ayının 23-də Sabirabad rayon Yaxabeşdəli kəndində anadan olub. 2017-ci ildə Əlif Xanlarov adına tam orta məktəbi bitirib və hərbi xidmətə çağırılıb. Elə həmin il avqustun 19-da, hərbi xidmətdə olarkən atasını itirib. Evin tək oğlu olub.
Vətən Müharibəsi başladıqdan 3 gün sonra – oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzuli, Cəbrayıl rayonları və Zəngilan rayonunun Məmmədli, Çənlibel, Qubadlı rayonunun Xanlıq, Balasoltanlı kəndlərinin azad olunmasında iştirak edib. Döyüşlərdə PK (pulemyot kalaşnikov) silahından istifadə edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşüb və şəhidlik zirvəsinə ucalıb.
Atası Hüseynov Mətləb Zöhrab oğlu da I Qarabağ müharibəsinin könüllülərindən olub.
Şəhid Əfsun Hüseynov ölümündən 14 gün sonra, noyabr ayının 4-də Sabirabad rayonunun, Qarağac kəndində Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub”.
Allah rəhmət eləsin!