Şuşada şəhid olmuş Azad Yolçuyevin atası: “Xəritədə Şuşanı göstərib və deyib ki...” - FOTOLAR


Xüsusi Təyinatlıların Kəşfiyyat bölüyünün tağım komandiri, gizir Yolçuyev Azad Nizami oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Bu barədə Yeniavaz.com-a qəhrəmanımızın atası Yolçuyev Nizami məlumat verib. O bildirib ki, şəhid Yolçuyev Azad 1985-ci ildə Ağstafa rayon Kolayır kəndində anadan olub:

“11 ildir ki, hərbçi kimi vətənə xidmət edirdi. Əvvəlcə MAXE kimi fəaliyyət göstərirdi, daha sonra isə gizir rütbəsi aldı. Müharibə başlamazdan 1 həftə əvvəl ön xəttə getmişdi. Bizə demişdi ki, təlimə gedirəm”.

N. Yolçuyev bildirib ki, Azad müharibə ərəfəsində bir dəfə yaralanıb və hospitalda müalicə alıb. Lakin müalicəsi tamamlanmamış Şuşa eşqi ilə yenidən döyüş meydanına qayıdıb:

“Müharibə ərəfəsində oktyabr ayının 14-də yaralanıb və hərbi hospitala düşüb. Amma bizə məlumat verməyib. Döyüş yoldaşları deyib ki, biz Şuşaya gedirik, Azad deyib ki, mən də gedəcəyəm. Həkimlər isə bildiriblər ki, sən yaralısan, sənə yerimək olmaz. Deyib, yox. Hospitalın həyətində xəritə var imiş. Orada uşaqlara Şuşanı göstərib və deyib ki, buraya birinci mənim tağımım girəcək. Elə də oldu. Noyabr ayının 3-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Ayın 5-də isə torpağa tapşırıldı”. 

Azad Yolçuyev iyul döyüşlərində də iştirak edib. Müdafiə naziri Zakir Həsənov tərəfindən Silahlı Qüvvəllərin yaranmasının 100 illiyi münasibətilə xüsusi ordenlə teltif olunub. Əlavə olaraq 2013 və 2018-ci illərdə Silahlı Qüvvəllərin yubileyi münasibətilə medal ve fəxri fərmanlarla təltif olunub.
Azad ailəli idi, 3 yaşında bir oğlu və 4 aylıq bir qızı var.







Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top