"Twitter"i bağlanan Trampın “tvit”lərinin sayı açıqlandı


Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ prezidenti Donald Trampın "Twitter" sosial şəbəkəsindəki hesabı həmişəlik olaraq bağlanıb. 
Yeniavaz.com
xəbər verir ki, ABŞ mətbuatında artıq "Twitter"dən istifadə edə bilməyən Trampın son 3 ildə paylaşdığı “tvit”lərin (paylaşdığı mesajlar) sayı açıqlanıb. 
Bildirilir ki, ABŞ prezidenti vəzifəsinə başladığı 2017-ci ildə olduqca az sayda “tvit” edən Donald Tramp sonrakı illərdə paylaşımlarının sayını artırıb.
Trampın 2018-ci ildə təxminən 3 500 dəfə, 2019-cu ildə 7 700 dəfə, 2020-ci ildə isə 12 000 dəfə “tvit” və “retvit” (mesajın təkrar paylaşılması) etdiyi qeydə alınıb. 
“New York Times” qəzeti yazır ki, Trampın "Twitter" sosial şəbəkəsindəki ən məhsuldar günü 5 iyun 2020-ci il tarixinə təsadüf edib. Həmin gün Tramp 200 “tvit” və “retvit” edib. 
Qeyd olunur ki, Tramp Ağ Evdəki ilk yarım ilində gündə orta hesabla 5,7 dəfə “tvit” paylaşıb. 2020-ci ilin ikinci yarısında Trampın gündəlik “tvit” paylaşımı orta hesabla 34,8 dəfəyə yüksəlib. 
Xatırladaq ki, hələ 2017-ci ildə ABŞ-da Trampın "Twitter"dən səmərəsiz istifadə etdiyi barədə məlumatlar yayılırdı. O zaman mətbuat yazırdı ki, Trampın “Twitter”dən intensiv və nəzarətsiz şəkildə istifadə etməsi ölkədə, o cümlədən onun partiyadaşları olan respublikaçılar arasında narazılıqla qarşılanır. Hətta bildirilirdi ki, Ağ Ev Trampın “tvit”lərini əvvəlcədən yoxlamaq üçün hüquqşünaslar qrupu ilə əməkdaşlıq etməyi planlaşdırır. 
Tramp prezidentliyi dövründə paylaşdığı “tvit”ləri ilə dəfələrə həm ABŞ-da, həm də dünyada böyük qalmaqallara səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top