Türkəsilli mütəxəssislər Uğur Şahin və Özləm Türecinin koronavirus peyvəndini tapması ilə bağlı xarici mətbuatda maraqlı məqala dərc olunub.
Yeniavaz.com xəbər verir ki, “The Wall Street Journal”da yayımlanan məqalədə Uğur Şahin və Özləm Türecinin hazırladığı koronavirus vaksininin 30 illik çalışmanın nəticəsi olduğu vurğulanıb.
Uğur Şahin və Özləm Türeci 30 il əvvəl görüşüb tanışıblar. Cütlük evləndikdən sonra xərçəng xəstələrinin sağaldılması üçün bir yeni müalicə metodu hazırlamaq barədə bir-birinə söz veriblər. Həmin vaxtdan elmi araşdırmalar aparmağa başlayıblar. Cütlük daha sonra təcrübə terapiyaları mövzusunda doktorluq dissertasiyaları yazmağa başlayırlar. O vaxt “Johannes-Gutenberg” Universitetinin hematoloji və onkoloji şöbəsinin müdiri Kristof Huber onları öz fakültəsinə qatılmağa razı salır. Orada, xərçəngi məğlub etmək üçün bədənin öz immunitet sisteminin proqramlaşdırılmasına əsaslanan yeni elmi araşdırmalar aparırlar. 2001-ci ildə cütlük antikor müalicəsini inkişaf etdirmək “Ganymed Pharmaceuticals GmbH” adlı şirkət qururlar. Bu istiqamətdə illərboyu apardıqları araşdırmalar 2019-cu ildə ortaya çıxan 2 milyona yaxın insanın ölümünə səbəb olan COVİD-19-a qarşı vaksinin tapılmasına gətirib çıxardı.
Pandemiya başlayanda Uğur Şahin və Özləm Türeci koronavirus peyəndinin hazırlanması üçün araşdırmalara başladı. Bu istiqamətdə müvəffəq olmaq üçün illərdir apardıqları araşdırma məlumatları onlara kömək etdi. Nəticədə Uğur Şahin və həyat yoldaşı Ölzəm Türeci yeni növ koronavirusa qarşı Avropada ilk peyvəndi tapan həkimlər kimi tarixə düşdülər.