Səcdədə şəhadətə yüksələn qəhrəmanımız Vurğun: "Şəhid olsam sədəqə verərsiniz"

 
Allah qatında şəhidlik ən gözəl və yüksək məqamlardan biridir. Namaz anında, səcdədə şəhadətə ucalmaq hər insana nəsib olmur. Bəlkə də Allah ən seçmə bəndələrinə bu gözəlliyi bəxş edir. Belə seçilmiş insanlardan biri də Vurğun Həsənovdur.
Haqqında yazdığımız Vurğun həmin o Vurğun Həsənovdur ki, sosial şəbəkələrdə üstündən çıxan pulların üzərinə yazdığı bu sözlərlə hamını kövrəldərək, bir anda hər kəsin könlündə özünə yer etmişdi: "Şəhid olmaq istəyirəm. Şəhid olsam sədəqə verərsiniz".
Vurğun Həsənov haqqında Yeniavaz.com-a danışan döyüş yoldaşı Elxan Məmmədov onun həmişə şəhid olmağa can atmasından bəhs edib:
"Mən, Həsənov Vurğunla müharibə başlayan gün, ayın 27-si tanış olmuşdum. Sakit təbiətli biri idi. Heç kimlə danışmırdı. Gözəl xarakterli, mülayim insan idi. Mən də təbiət etibarı ilə sakit olduğum üçün onunla bizim ünsiyyətimiz çox yaxşı alınırdı. Vurğun namaz qılan idi. Şəhid olmaq arzusundaydı. "Şəhid olmaq istəyirəm, amma mənə elə gəlir ki, olmayacam", "Elə şəhid olmaq istəyirəm ki…" kimi cümlələri hələ də yadımdadır. Biz Cəbrayılın rayonlarını almışdıq, artıq təpələr uğrunda döyüşürdük. O, döyüşlərdə çox fəal idi. Elə bil özünü həmişə irəli atırdı ki, şəhid olsun. Biz təpənin alınmasına gedəndə qarşıdan atırdılar, bir də gördüm kimsə Bismillah deyib ermənilərə tərəf güllə yağdırmağa başladı. Dedi ,“onlar atır biz durub baxmayacağıq ki…””.
Vurğunun döyüş yolu üzü Şuşaya doğru Füzuli, Cəbrayıl, Xocavənddən keçib. Vurğun 21 oktyabr tarixində Xocavənd uğrunda gedən döyüşlərdə yanına minaatan mərmisi düşməsi nəticəsində şəhid olub. Elxan Məmmədov deyir ki, Vurğun əslində onların bölüyünün əsgəri olsa da, Xocavəndin bir kəndi işğaldan azad edilərkən o, gecə başqa bölüyün əsgərləri ilə birgə hücuma keçib. Vurğungil gecə həmin kəndə girdiyinə görə artıq müəyyən dərəcədə ora bələd imiş. Elxangilin dəstəsi də minaatanların atəşi altında gecəylə həmin istiqamətə irəliləyib. Tezdən onlar kəndə çatanda Vurğun döyüş yoldaşlarına isinmək üçün evlər  göstərirmiş ki, "gedin oturun", "isinin".

Elxan saytımıza döyüş yoldaşının necə şəhid olmasından da söz açıb:
"Uşaqların bəziləri çöldə maşında idi. Bəzilərimiz isə onun göstərdiyi evdəydik. Ermənilər əvvəl atmırdılar, birdən atmağa başladılar. Həmin vaxt biz olduğumuz evin yaxınlığına minaatan düşdü. O anda hamımız çölə çıxdıq. Hərəmiz bir tərəfə səpələndik. Onlar hələ atmaqda davam edirdilər. Mən Vurğunun şəhid olduğu anı görməmişəm. Çünki onun yanında deyildim həmin vaxt. Evin yaxınlığında bir ağac var idi, uşaqların dediyinə görə Vurğun onun yanında imiş. Biz onu tapanda səcdə halında ikən şəhadətə ucalmışdı. Orda yaralılarımız da olmuşdu. Vurğun həmişə namaz qılandan sonra şəhidlərimizə dua edirdi.  "Allah şəhidlərimizə rəhmət eləsin" . "Kərbəla şəhidlərinə qonşu olsunlar", "Allah valideynlərinin günahlarını bağışlasın", "Allah bizlərin günahlarını bağışlasın" deyə, döyüşdə hamıya dua edirdi. İndi Allah özünə rəhmət eləsin. Allah onları Kərbəla şəhidləri qədər ucaltsın. Allah günahlarını bağışlasın. Ruhları şad olsun".
 
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top