50-yə yaxın ermənini məhv edən DQ-nin baş çavuşu Abdullayev - FOTOLAR

 
"Biz hərbi şəhərcikdə böyümüşük, ətrafımızda həmişə hərbçilər olub. Uşaq vaxtından istəyirdi ki, hərbçi olsun. İlk istəyi hərbi pilot olmaq idi, o qismət olmadı. Əsgərliyə getdi, gələn kimi sənədlərini toplayıb Daxili Qoşunlara işə düzəldi". 
Bu sözləri şəhid Abdullayev Tural haqqında Yeniavaz.com-a danışan bacısı Nisə Abdullayeva deyib:
"Əvvəl də dediyim kimi biz hərbi şəhərcikdə yaşayırdıq. Gözümüzü açandan ancaq hərbçi və uniformalı kimisə görmüşdük. Bizim yaşadığımız yerdə Heydər  Əliyev adına Hərbi Akademiya, dənizçilik peşə məktəbi və hərbi hissə var idi. Onun təsirilə qardaşım da bu sahəni sevmişdi. İşi barəsində danışmağı sevmirdi, nə isə soruşanda gülümsəyib keçirdi. Sakit xarakterli idi".
Nisə Abdullayeva qardaşının müharibəyə necə getməsi və döyüşdə göstərdiyi şücaəti barəsində də məlumat verib:
"Qardaşım DQ-ın N saylı hərbi hissəsində "Qartal" XTD-də xidmət edib. Müharibəyə görə yığım olanda Tural könüllü olaraq kəşfiyyat qrupuna yazılıb. Deyib ki, "Mən torpaqlarım uğrunda döyüşə getməliyəm, burada belə rahat otura bilmərəm". Yoldaşları deyir ki, müharibə başlayandan hər şəhid xəbəri gələndə əsəbdən əlləri əsirmiş, pis olurmuş. Özü də müharibəyə getdi, onların qisaslarını aldı, 40-dan çox erməni məhv etdi. Aralarında yüksək rütbəlilər də olub. Ermənilərin 3-dən cox silah daşıyan maşını zərəsizləşdirib. Hər minanın üzərinə Laçın, Xocalı yazıb. Kəlbəcərdən qayıdanda pusquya düşüblər. Minaatanlarla qardaşımgilə hücum edilib və şəhid olub.

Bildiyimiz qədərilə Tural əslində texnikalardan arxada olmalı imiş. Ancaq o, ön xətdə başa-baş döyüş olanda 2 nəfər çatışmadığı üçün irəli çıxıb. Və ermənilərlə əlbəyaxa döyüşdə olub. Bilirsiz qardaşım əmimin 1992-ci ildə yaşadığı taleyi yaşadı. O da Murovdağda şəhid olmuşdu, qardaşım da".
Nisə xanım deyir ki, Tural heç vaxt ad gününü qeyd etmirdi ki, Xocalının işğal gününə düşür. "Xocalı alınsın sonra qeyd edəcəm" deyirdi. 
Abdullayev Tural Şakir oğlu 26.02.1990-cı ildə Laçın rayonunda anadan olub. Xocalı şəhər sakinidir. Birinci Qarabağ müharibəsi vaxtı Xocalıdan məcburi köçkün düşüb. Usaq vaxtından idmanla məşğul olub. Dəfələrlə qaydasız döyüş üzrə Bakı birinciliyini, Respublika üzrə 1-ci və 2-ciliyi qazanıb.

12 illik xidməti dövründə və şəhadətindən sonra aldığı orden və medallar:
16.01.2013-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20illik Yubiley döş nişanı ilə təltif olunub.
25.12.2018-ci ildə Milli Ordunun 100 illik medalı ilə təltif olunub.
06.01.2018-ci ildə işində göstərdiyi qüsursuz xidmətinə görə 3-cü məharət dərəcəsi ilə təltif olunub.
26.06.2020-ci ildə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirliyinin 2109 nömrəli sərəncamı ilə qüsursuz xidmətinə görə 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd edək ki, Tural Abdullayev, 29.09.2020-ci ildə Murov dağda, Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhadətindən sonra Tural, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Qələbə münasibəti ilə təsis olunmuş "Qarabağ" medalı, "Vətən Müharibəsi" ordeni, "Kəlbəcərin azad olunmasına" görə medalı ilə təltif olunub.
01.10.2020-ci il tarixində Binə Şəhidlər Xiyabanında dəfn olunub.




Aygün  Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top