3 videomüraciəti yayılan qazi: “Üzrxahlığı təzyiq altında etmişəm” - VİDEO


Vətən müharibəsində könüllü olaraq iştirak edən Mürsəl Mürsəlov bir neçə gün öncə sosial şəbəkədə video paylaşaraq haqsızlığa məruz qaldığını, təltif olunmadığını, unudulduğunu bildirmişdi. Daha sonra o, yenidən video paylaşaraq əslində heç bir döyüşdə iştirak etmədiyini, arxa cəbhədə müdafiə və mühafizədə iştirak etdiyini qeyd edərək, dövlət başçısı və Müdafiə Nazirliyinin rəhbərliyindən üzr istədi. Dünən isə Mürsəl Mürsəlov daha bir video yayımlayaraq, ölkə başçısına müraciət edib. O, ötən gün üzr istəməyi ilə bağlı olan videonu təzyiq altında çəkdiyini bildirib.   
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Mürsəl Mürsəlov bildirdi ki, videodan sonra mənə hədə-qorxu gəldilər ki, səni tutduracağıq: “İlk başlarda çox ciddi qəbul etmədim, sonra eşitdim ki, deyirlər aparın bunu 3-4 gün salın içəri ağlı başına gəlsin. O təzyiqdən sonra bildirdim ki, bir şərtlə razıyam video çəkməyə, o da hərbi biletlərimizə “peçat” vurulacaq və siz nə desəniz onu deyəcəm. Razılaşdıq. Amma çəkiliş olandan sonra dedilər ki, bir tək sənin hərbi biletinə “peçat” vurulacaq, digərlərinə yox. Dedim ki, bəs mənimlə birlikdə olanlar necə olacaq? Dedilər tək sənin hərbi biletinə yazılacaq, bununla da mən razılaşmadım. Onlar da biz artıq çəkilişi yayımlayacağıq dedilər. Mən də dünən video çəkdim ki, vəziyyət belədir, həqiqətən dəftərdən oxumuşam. Biz Vətən müharibəsinə getmişik. Fərqi yoxdur orda nə etmisən, nə etməmisən əsas odur müharibə iştirakçısısan. Özüm ehtiyyatda olan hərbçiyəm, snayperçi olmuşam və ailəmi tək qoyub könüllü olaraq müharibəyə getmişəm. 
Birinci videonu çəkməmişdən əvvəl biz ilk öncə qanunla hərəkət etdik, Müdafiə Nazirliyinə getdik, onlar bizi Prezident Aparatına göndərdilər. Daha sonra hərbi hissədən bir mayor zəng etdi ki, probleminiz nədir. Biz məsələni izah etdik. Kobud danışdı bizimlə dedi ki, siz hansı qızğın döyüşlərdə iştirak etmisiniz ki, hələ bir hərbi biletdə də yazılsın.  Qeyd etdim ki, cənab mayor, mən könüllü getmişəm və siz korpusda sənəd yazanda mən qarın, soyuğun içərisində Vətən müharibəsində iştirak etmişəm. Təsəvvür edin dəyişmək üçün corab olmurdu, onun suyunu sıxıb yenidən istifadə edirdik. Çünki biz olduğumuz yerə təminat gəlmirdi. Bu əziyyətlərlə biz xalqımızı, Vətənimizi qorumuşuq. Mayor deedi ki, məsələyə baxılacaq. Ondan sonra neçə dəfə zəng etdik, telefona cavab vermədi. Yenidən Müdafiə Nazirliyinə müraciət etdik, dedilər məsələyə baxılacaq. Hələ də baxılmayıb. Bizim kimi hərbi biletinə “peçat” vurulmayan çoxdur. Hətta bizim tərkibdə olan 24 nəfərdən birinə yazılıb ki, Şuşa “Daşaltı” əməliyyatında olub, amma digərlərində yazılmayıb. Onun səbəbini soruşanda dedilər ki, səhvən yazılıb. O səhvi də düzəltmək mümkün deyil”.
M.Mürsəlov onu da qeyd etdi ki, ən son çıxdıqları hərbi hissə də hərbi biletdə qeyd olunmayıb: “Noyabr ayının 6-da biz N saylı hərbi hissədən çıxdıq, Şuşaya doğru getdik. Hərbi biletimizdə isə ən son çıxdığımız hərbi hissə qeyd olunmayıb, bilmirəm səbəbi nədir. Hətta bizi 052-nin tərkibində olan F dəstəsinə vermişdilər. Qeyd etdilər ki, hərbi biletdə bu formada yazılacaq. Biz Şuşa əməliyyatına gedəndə, müəyyən yerə çatmışdıq ki, bizi geri qaytardılar.  Hətta orada dəmir yeşiklər də daşımışam, eləsi var idi ki, çəkisi 140 kq idi. Hal-hazırda bel fəqərələrimdə sürüşmələr var və belimdə yırtıq əmələ gəlib, ayaq üstdə də dayana bilmirəm. 
Deyək ki, qızğın döyüşlərə iştirak etməmişik, amma əynimizdə qoruyucu jilet olub, silahla tam təchiz olunmuşuq. Kəlbəcəri biz sülhlə aldıq, oraya girəndə əsgərin ayağı sürüşüb minanın yanına düşdü. İki uşaq atası idi, həmin vaxt çox qorxdu. İndi belə çıxır ki, o şəhid olsaydı ona şəhidlik statusu verilməyəcəkdi? Mənə heç bir medal lazım deyil. Sadəcə hərbi biletimizdə qeyd edilsin ki, Vətən mühariəsində iştirak ediblər. Və ən son bu hərbi hissədən çıxıblar”.

DİGƏR XƏBƏRLƏR

Top